Tramp müharibə yolunda: Kaliforniyadakı etirazlar hərbi qarşıdurmaya çevrilir

Trampın əmri ilə Milli Qvardiya qoşunlarının yeridildiyi Kaliforniyada hadisələr Ağ Evin siyasətindən narazı olanlarla silahlı qarşıdurmaya çevrilə bilər. Tramp üsyanı yatırmaq üçün daxili ərazilərdə federal qoşunların istifadəsinə icazə verən 1807-ci il qanununu işə salmaq qərarı verməsə də, Pentaqon artıq dəniz piyadalarını üsyankar Kaliforniyanın üstünə göndərməyə hazır olduğunu açıqlayıb. Müdafiə naziri Pit Heqsetin sözlərinə görə, onlar Los-Ancelesdən təxminən 100 mil məsafədə yüksək hazırlıq vəziyyətindədirlər. Ştatın qubernatoru Nyusomun Trampa “Kaliforniyaya nəzarəti geri alması” çağırışları cavabsız qalıb. Əksinə Ağ Ev immiqrasiya tədbirlərinə müdaxilə edən hər kəsin, o cümlədən dövlət işçilərinin həbs oluna biləcəyi barədə xəbərdarlıq edib. Qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq istəmədiyinə görə Trampın ironiya ilə “Nyuskum” adlandırdığı Kaliforniya qubernatoru Nyusom Ağ Evin miqrasiya axınını məhdudlaşdırmaq planlarının əsas rəqibidir. Seçkidə Trampa uduzduqdan sonra keçmiş vitse-prezident Kamala Harris Los-Ancelesdə məskunlaşıb və oradan Ağ Evi bölgədə vətəndaş sülhünü körükləməyə cəhd etdiyinə görə tənqid edir. Lakin ABŞ prezidentinin nöqteyi-nəzərindən, “Los-Anceles qeyri-qanuni mühacirlər və cinayətkarlar tərəfindən zəbt edilib” və “zorakı, üsyankar kütlələri deportasiya səylərini dayandırmaq üçün federal məmurlara hücum edir”.
Surxay Əliyev