Kaliforniya qubernatoru Qevin Nyusom rəsmi olaraq ABŞ prezidenti Donald Tramp administrasiyasından Los-Ancelesdə Milli Qvardiyanın - “qeyri-qanuni qoşun yerləşdirilməsi” qərarını ləğv etməyi tələb edib. Kaliforniyalı siyasətçi bu mesajı bazar günü, iyunun 8-də X sosial şəbəkəsindəki səhifəsində yerləşdirib. "Tramp müdaxilə edənə qədər bizim problemimiz yox idi. Bu, dövlət suverenliyinin ciddi şəkildə pozulmasıdır – bu gərginliyi alovlandırır və resursları həqiqətən lazım olan məcradan çıxarır", - deyə Nyusom Pentaqonun rəhbəri Pit Heqsetə müraciətinin fotosunu əlavə edərək yazıb. Müraciətdə Nyusom qeyd edib ki, vəziyyətin dövlət hakimiyyətinə təhlükə yaradan xarici işğala və ya üsyanlara aidiyyatı olmadığı təqdirdə, federal yardıma müraciət edib-etməmək qərarına region rəhbəri kimi məhz o, qərar verməlidir. Siyasətçi onu da qeyd edib ki, Milli Qvardiya qoşunlarının Vaşinqtonun nəzarəti altında Los-Ancelesə yerləşdirilməsi “vəziyyəti ciddi şəkildə gərginləşdirmək” təhlükəsi yaradır – bu qərar geri götürülməli, regional bölmələr yerli nəzarətə qayıtmalıdır. Başqa bir yazısında Kaliforniya qubernatoru ABŞ prezidentinin ştatda baş verən etirazlarla bağlı açıqlamalarını pisləyib. “Zorakılığa sövq etmək və təhrik etmək, kütləvi xaos yaratmaq, şəhərləri hərbiləşdirmək, əleyhdarları həbs etmək – bunlar bir prezidentin yox, diktatorun hərəkətləridir”, -deyə o yazıb. ABŞ-ın digər ştatlarının demokrat qubernatorları da Nyusom-a dəstək veriblər. Nyusomun X-də istinad etdiyi 22 qubernatorun birgə bəyanatında deyilir: "Prezident Trampın Kaliforniyaya Milli Qvardiyanın yerləşdirilməsi haqda qərarı səlahiyyətdən narahatedici sui-istifadədir". Sənəddə Heqsetin dəniz piyadalarını ştata göndərməklə bağlı hədələri də pislənilib.
Surxay Əliyev