Tramp Rusiya və Ukrayna haqqında: "Bəzən uşaqların bir müddət savaşması daha yaxşıdır"

“Sülh danışıqlarının dalana dirəndiyi bir vaxtda Ukrayna və rusları “ayırmadan” əvvəl “bir müddət döyüşmələrinə” icazə vermək daha yaxşı ola bilər”, – bu fikiri ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə Oval kabinetdəki görüşü zamanı dilə gətirib. Amerika prezidenti bu iki ölkəni parkda döyüşən iki uşaqla müqayisə edib. O, Rusiya prezidenti ilə son telefon danışığında da eyni müqayisədən istifadə etdiyini bildirib. Tramp etiraf edib ki, müharibəni dayandırmaqda çətinlik çəkir, çünki ölkələr arasında dərin düşmənçilik və Vladimir Putinlə Vladimir Zelenski arasında isə bir-birinə qarşı dərin nifrət hissi var. "İki balaca uşaq bəzən dəli kimi dalaşır. Onlar bir-birlərinə nifrət edirlər və onlar dalaşır, sən isə onları ayırmağa çalışırsan. Onlar isə ayrılmaq istəmir, ona görə də bəzən onların bir müddət döyüşməsinə icazə vermək daha yaxşıdır" deyə Tramp bildirib. Tramp Ağ Evə qayıdıb, vəzifədə olduğu ilk 24 saat ərzində Ukraynadakı müharibəni dayandıracağına söz vermişdi. Daha sonra o, bunun üçün özünə daha altı ay vaxt verdi və apreldə belə bir razılaşmanın əldə oluna biləcəyinə dair aydın əlamətlər görməsə, sülh prosesindən tamamilə imtina edəcəyi ilə təhdid etmişdi. Cümə axşamı isə o, müharibəni dayandırmağın çətin olduğunu bir daha etiraf etməli oldu.
Surxay Əliyev