Tramp Rusiyaya tətbiq ediləcək sanksiyalarla bağlı sualı cavablandırıb: “Biz çox, çox sərt olacağıq”

ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Almaniya kansleri Fridrix Merzlə görüşü zamanı jurnalistlərin Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb. ABŞ Prezidenti qeyd edib ki, əgər Ukraynada müharibənin tezliklə bitməyəcəyi aydınlaşsa, o, “çox, çox sərt” olacaq. Eyni zamanda, əlavə edib: "Bu, hər iki ölkəyə aid ola bilər, çünki tanqoya iki nəfər lazımdır." “Biz çox sərt olacağıq, istər Rusiya olsun, istərsə də başqası, biz çox sərt olacağıq, orada qanlı qırğın gedir”, - deyə ABŞ prezidenti qeyd edib. Eyni zamanda o, münaqişə tərəfləri arasında “böyük nifrət”dən də danışıb. "Onların arasında müəyyən düşmənçilik var.
Mən bununla məşğul olmalıyam, kansler də bununla məşğul olmalıdır, bu inanılmazdır... Bu ikisi arasında, bu iki adam arasında bir-birlərinə böyük nifrət var ", - deyə Tramp qeyd edib. O, həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya torpaqlarına son hücumlarına cavab olaraq ona: “Hücum etməkdən başqa çarəmiz yoxdur” deyib. "Və bu heç də yaxşı olmayacaq . Mən bunu qəbul etmirəm. Dedim, eləmə. Bunu etməməlisən. Buna mane olmalısan. Amma yenə də nifrət çoxdur", - deyə ABŞ prezidenti yekunlaşdırıb.
Surxay Əliyev