Son bir ayda bir sıra xəstəliklərdən əziyyət çəkən insanların dövlət tərəfindən onlara pulsuz verilən dərmanları ala bilməməsi ilə bağlı şikayətlər var. Xəstələr deyirlər ki, yanvar ayında dövlətin onlara verdiyi pulsuz dərmanları maneəsiz alsalar da, fevral ayında qeydiyyatda olduqları poliklinikalardan onlara “dərman gəlmir, yoxdur” deyirlər. Xəstələrin bu dərmanları alarkən üzləşdikləri problemlər nə ilə bağlıdır? Əsas şikayətlərdən biri isə dərmanı almaq üçün xəstə insanların saatlarla növbəyə dayanmasıdır.
Qeyd edək ki, bir neçə il əvvəl də analoji problem yaşanmışdı. Xəstəxana və poliklinikalar bunu əsasən dərman çatışmazlığı ilə əlaqələndirirlər. Onlar bildirirlər ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların çoxalması da problemin yaranmasına səbəb olur.
Bildirək ki, keçən dövrlərdə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman, həmçinin, şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və bu qisimdən olan digər xəstəliklərə görə 99 adda dərman preparatı pulsuz paylanmalıdır. Habelə onkoloji xəstəliyi, xroniki böyrək çatışmazlığı olanlara, hemofiliya və talassemiya irsi qan xəstəliklərində qan komponentləri, dərman preparatları və tibbi materiallar və digər ləvazimatlarla təminatı, QİÇS xəstələrinin müayinə və müalicəsi, vərəm xəstələri, ana və uşaqların sağlamlığının qorunması, yoluxucu xəstəliklər üzrə dərman vasitələri də əhaliyə pulsuz verilməli olanlar siyahısındadır.
Dövlətin pulsuz dərmanla təmin etdiyi astma xəstələri də dərman ala bilmirlər. Ən çox şikayət “AirFluSal” preparatı ilə bağlıdır.
Daimi oxucularımızdan biri, Səbayıl rayonundakı 33 saylı poliklinikada qeydiyyatda olan Mirzə Səfərov “Bakı-Xəbər”ə bildirdi ki, bronxit-astma xəstəliyindən əziyyət çəkir və qeydiyyatda olduğu poliklinikadan fevral ayına qədər “AirFluSal” adlı preparatı maneəsiz alsa da, fevral ayında poliklinikadan ona bu dərmanı verməyiblər. Şikayətçi qeyd edir ki, poliklinikadan ona “bu dərman gəlmir” deyirlər.
“Martın 5-dən sonra veriləcəyini gözləyirik”
Məsələni araşdırmaq üçün 33 saylı poliklinikanın aptek şöbəsinin müdiri Rəvanə İmanova ilə əlaqə saxladıq. R.İmanova bizimlə söhbətində bildirdi ki, təkcə bronxit-astma xəstələri deyil, poliklinikada qeydiyyatda olan, digər xəstəliklərdən əziyyət çəkənlər də pulsuz dərman ala bilməyiblər. “Xəstənin şikayətilə bağlı deyim ki, keçən ay Səhiyyə Nazirliyi “AirFluSal” preparatını heç bir poliklinikaya verməyib. Biz fevral ayından icbari tibbi sığortaya keçmişik. Sığortanın da siyahısında o dərman yox idi. Bununla bağlı Səhiyyə Nazirliyinin “qaynar xətt”inə iki nəfər xəstəmiz müraciət edib, mən özüm də nazirliklə əlaqə saxlamışam, deyiblər ki, mart ayında veriləcək. O dərmanın martın 5-dən sonra veriləcəyini gözləyirik” - deyə R.İmanova bildirdi.
Onu da qeyd edək ki, Nazirlər Kabineti icbari tibbi sığorta ilə əlaqədar xidmətlər zərfini müəyyənləşdirib. Bu, Prezident İlham Əliyevin dekabrın 24-də imzaladığı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli, 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli, 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli, 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabinetinə 10 gün ərzində xidmətlər zərfini müəyyən etmək tapşırılıb. Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İradə SARIYEVA