Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdığı məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Baki-xeber.com-a RİH-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən bilgiyə görə, rayonda 2020-ci ilin fevral ayı ərzində icra başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilib. 1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb.
Xəbərə görə, vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olub.
Sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.