Iran Islam Respublikasından Azərbaycan ərazisinə keçən və yoxlanılmaq üçün karantin yerlərinə götürülmüş şəxslər və onların yaxınları bəzi hallarda ictimai qaydaları kobudcasına pozur, tibbi heyətə qarşı zor tətbiq edir, müayinənin normal şəraitdə aparılmasına mane olurlar.
Bu barədə baki-xeber.com-a Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.
Qeyd edilir ki, koronavirusun yayılması təhlükəsinə qarşı görülən tədbirlərin normal şəraitdə həyata keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah hüquq-mühafizə orqanlarına belə halların qarşısının alınması ilə bağlı göstəriş verib.
Operativ qərargah karantin normalarını pozan, tibbi heyətin normal iş rejiminə mane olan hər bir şəxsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcəyinə dair xəbərdarlıq edir.
Qərargahın tapşırığı ilə hüquq-mühafizə orqanları asayişin qorunması istiqamətində işləri davam etdirəcəklər.