Xəstə uşaq olarsa məktəbə buraxmaq lazım deyil. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın keçirdiyi brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
C.İsayev qeyd edib ki, xəstə uşaqların məktəbə aparılmaması hər hansı virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır: “Bu, təkcə koronavirusla bağlı deyil, ümumiyyətlə respirator xəstəliklərinin qarşısının alınmasında xəstə uşaqların məktəbə aparılmaması tövsiyə olunur”.
O, Azərbaycan vətəndaşlarını koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməyə çağırıb. C.İsayev vurğulayıb ki, vətəndaşlar da bu istiqamətdə diqqətli olmalıdır: “Əlbəttə ki, biz heç kimi məcbur edə bilmərik ki, getməsin, ancaq vətəndaşlar da bizə yardımçı olmalıdırlar. İmkan daxilində bu təhlükə aradan qalxana qədər vətəndaşlar koronavirus yayılan ölkələrə səfər eməkdən imtina etməlidir”.