Baş prokuror Zakir Qaralov fevralın 28-də Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər və Sabirabad rayonundan olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan baki-xeber.com-a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.