07/04/2020 13:29
728 x 90

Azərbaycanın dövlət xəstəxanalarında tibb fakültələri - yeni strukturlar...

Adil Qeybulla: “Dövlət xəstəxanalarında tibb fakültələrinin təşkil edilməsinin əhəmiyyəti böyük olacaq”

img

Azərbaycanda dövlət xəstəxanalarında tibb fakültələrinin açılması bu sahədə bir yenilikdir. Dünyanın qabaqcıl ölkələrində mövcud olan bu istiqamətin Azərbaycanda da inkişaf etdirilməsi bir zərurətdir. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, dövlət xəstəxanalarında yaradılacaq tibb fakültələrində məqsəd yeni dövrün tələblərinə uyğun kadrlar yetişdirməkdir. O, həmçinin, qeyd edib ki, burada əsas üstünlük regionlardakı dövlət xəstəxanalarına veriləcək: “Bəzi regionların dövlət xəstəxanalarında tibb fakültələrinin açılması üçün hökumətə müəyyən təkliflər hazırlamışıq”.

Z.Əliyevin sözlərinə görə, hazırda bununla bağlı təhlillər aparılır: “Rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı Səhiyyə Nazirliyi ilə danışıqlar aparılır. Regionlara həkimləri ezam etmək niyyətindəyik. Bununla regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik.

Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Hər il Türkiyədə tibb sahəsi üzrə təhsil alan bir çox tələbə məzun olur. Onlar məzun olduqdan sonra karyeralarını qurmağa can atırlar. Təəssüf ki, bu gün regionlarda həkim kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var. Amma yaxın gələcəkdə agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürmək istəyirik. Bu istiqamətdə bir qrup tələbə ilə danışıqlar artıq aparılıb”.

Z.Əliyev onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil:

“Biz bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Son 10 ildə 600-dən çox xəstəxananın əsaslı təmiri və yenidən qurulması üçün yatırımlar olub. Bəzi xəstəxanalarda işlər qalıb. Onlar da tamamlanacaq. Yerlərdə həkim-kadr çatışmazlığı var, avadanlıqlar lazımi səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müayinə və müalicə aparmaqda çətinlik çəkirlər”.

  • “Tibb Universitetində orta təhsilli tibb işçilərinin hazırlanması üçün həm xüsusi proqram olacaq, həm də...”

Tanınmış mütəxəssis, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, dövlət xəstəxanalarında tibb fakültələrinin yaradılması yeni tələblərlə bağlıdır. Bunun üstün bir hal olduğunu deyən A.Qeybulla hesab edir ki, bu amil səhiyyə sahəsində tibbi xidmətin daha yüksək səviyyədə inkişafına müsbət təsir göstərəcək. “Hesab edirəm ki, dövlət xəstəxanalarında tibb fakültələrinin təşkil edilməsinin əhəmiyyəti böyük olacaq. Burada əsas məqsəd orta tibb işçilərinin hazırlanmasıdır. Dövlət xəstəxanalarının nəzdində açılacaq tibb fakültələrində orta tibb işçiləri daha yüksək səviyyədə hazırlanacaqlar. Onlar həm praktiki, həm də digər vərdişlərə yiyələnəcəklər. Heç kəsə sirr deyil ki, tibb kolleclərinin kadr hazırlığı səviyyəsi yetərli deyil. Yəni bir il yarım müddətinə orada tibb bacısı hazırlamaq olmur. Tibb Universitetində orta təhsilli tibb işçilərinin hazırlanması üçün həm xüsusi proqram olacaq, həm də onların vərdişlərə yiyələnməsinə görə şərait yaradılacaq. Bu fakültələrin açılmasının əhəmiyyəti var, biz bu sahədə daha savadlı kadrlar görə biləcəyik”.

A.Qeybulla vurğuladı ki, dünyanın hər yerində sistem bu cür qurulub.

İradə SARIYEVA

Son xəbərlər