07/04/2020 14:09
728 x 90

Tovuzda gənc müəllimlər üçün təlimlər keçirildi - FOTO

img

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə Tovuz rayonunun fəal gənclərindən olan Qurbanova Fatma Rauf qızı tərəfindən icra edilən “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz rayonu və ətraf kəndlərdə fəaliyyət göstərən gənc müəllimlər üçün təlim təşkil edilib.

Təlim Tovuz Gənclər Evində 15 və 16 fevral 2020-ci il tarixlərində həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 25 nəfər gənc iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fatma Qurbanova Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb. Tədbirdə iştirak edən Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, gənc müəllimlərin cari təhsil sistemimizdəki önəmli rolundan və bunun gətirəcəyi üstünlüklərdən bəhs edib. 10 ildən artıq təcrübəyə malik karyera məsləhətçisi, təlimçi və kouç Toğrul Ələkbərov təlimin 1-ci və 2-ci günü "Formal və qeyri-formal təhsil metodlarının fərqi", "Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi", "Təhsil sistemi və əmək bazarı", "Şagirdlərin dərsə olan marağının artırılması", "Dərs prosesinin effektiv idarə edilməsi", "İnnovativ tədris metodları ilə tanışlıq", "İnnovativ tədris metodlarının üstünlüyü" kimi mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu nümunələr göstərib və qrup işləri təşkil edilib. Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Orxan Əhmədov, Səhər İmamverdiyeva, Azər Babayev, Türkanə Alıyeva və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib. Bu layihənin məqsədi gənc müəllimlərə formal təhsil sistemində qeyri-formal təhsil sistemi metodlarının tətbiq edilməsinin mümkün aspektlərini nümayiş etdirmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər əldə etmələrini təmin etməkdir.

Son xəbərlər