Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzinin (TM) 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Yanğın zamanı 22 mağaza içərisində mallarla birlikdə tam yanıb, 8 mağazaya isə söndürülərkən ziyan dəyib.
Bu barədə Trend-ə açıqlama verən mərkəzin mətbuat katibi Mikayıl Qədimovun sözlərinə görə, yanğın tam söndürülüb: "Tüstüdən zəhərlənmə ilə bağlı bir neçə nəfərə ilkin tibbi yardım göstərilib. Hadisə nəticəsində yanan mağazalardakı mallar əsasən pərdə və parçalardır".
M.Qədimov əlavə edib ki, hazırda ərazidə təmizləmə işləri gedir.
Mərkəzin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:
"Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır. Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək".