Məlum olduğu kimi, Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib. Yayılan məlumata görə, yaşadığı Beyləqana qayıdan Q.Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirlər.
Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb.
Məlumat üçün onu da vurğulayaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.
On beş ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də ağır yaralanıb və 8 aydan sonra yenidən xidmətə qayıdıb. Qadir Vəlişov son vaxtlar Naxçıvanski adına Hərbi liseydə rəis müavini vəzifəsini tutub. Silahlı Qüvvələrdən 6 ay əvvəl tərxis olunub.
Aprel qəhrəmanı olmaq insanlara qarşı cinayət və özbaşınalıqlara əsas verirmi?
“...onlara qarşı haqsızlıq varsa, hüquqları pozulubsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, hər kəs qanun qarşısında bərabərdir. “Azərbaycan Konstutusiyasında qeyd edilir ki, bütün vətəndaşlar bərabərhüquqludur və Cinayət Məcəlləsində də yuxarıdan aşağıya heç kəsə güzəşt yoxdur. Qəhrəmanlar da, həmçinin, qanun qarşısında digər vətəndaşlarla eyni qaydada məsuliyyət daşıyırlar. Qəhrəmanı dövlət qiymətləndirir, onu müxtəlif mükafatlarla təltif edir. Ən əsası isə xalq qəhrəmana böyük dəyər verir, onu sevir, ona güvənir, gərək qəhrəmanlar da xalqın bu sevgisini, hörmətini qorusunlar. “Mən qəhrəmanam” deyib cinayətə əl atmaq bütün hallarda qəbuledilməzdir. Qəhrəmanın cinayətə əl atması, başqa bir vətəndaşın hüquqlarını pozması, artıq hərəkətlərə yol verməsi yolverilməzdir, qanunaziddir. Qəhrəmanlıq göstərdiyi üçün dövlət tərəfindən mükafatlandırılan, xalqın sevgisini qazanan insanlara qəhrəmanlığı, fərqləndirilməsi əsas vermir ki, o cinayət etsin. Qəhrəmanlar heç vaxt onlara göstərilən etimaddan, sevgidən sui-sitifadə etməməli, əksinə, öz davranışları ilə nümunə olmalıdırlar. Vaxtilə göstərdiyi qəhrəmanlıqdan sui-istifadə edərək istənilən cinayəti törədən adam bununla da öz qəhrəmanlığını xalq arasında nüfuzdan salır. Bu amil başqa qəhrəmanlarımızın da hörmətdən düşməsinə səbəb ola bilər”.
Ş.Ağayev hesab edir ki, qəhrəman olmaq heç kəsə əlavə intiyaz vermir və heç kəsi qanun qarşısında fəqrləndirmir. “İstər qəhrəman, istərsə də digər kateqoriyaya məxsus insanlar olsun, onlara qarşı haqsızlıq varsa, hüquqları pozulubsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər, başqa yola əl atmalı deyillər” - deyə Ş.Ağayev bildirdi.
İradə SARIYEVA