10/12/2019 17:58
728 x 90

Bakı Dağ Yəhudiləri Dini İcması polisin peşəkar işini təqdir etdi

img

Polisdən razılığını, ona “çox sağolunu” DİN rəhbərliyinə göndərdiyi məktubda ifadə edən vətəndaş yaxşı bilir ki, bir cinayətin üstünü açmaqdan ötrü polis necə gecəsini-gündüzünə qatır, şahidləri dindirir, ən xırda detalları belə diqqətdə saxlayır.

Bu iş zərgər dəqiqliyini sevir. Elə etməlisən ki, zərərçəkənin də, zərərverənin də hüququ pozulmasın, haqqın tərəzisi nə sağa əyilsin, nə də sola.

Bəzən biri-birinin qanına susayanları barışdırmaq üçün polisin barışdırıcı mövqe tutmasının da az şahidi olmamışıq.

Bakı Dağ Yəhudiləri Dini İcmasının DİN-ə ünvanladığı məktub diqqətimi çəkdi. Həssas bir mövzuya polisin vətəndaş mövqeyi, həmçinin, öz vəzifə borcunu layiqincə yerinə yetirməsi onlar tərəfindən təqdir olunurdu.

İcmadan yazırlar ki, Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqda aparılmış abadlıq işləri Berlindəki “Bakinets” cəmiyyətinin sədri Elmira Əşrəfovanın etirazına səbəb olub. Buna görə də o, baş verənlərlə bağlı polisə müraciət edərək məsələnin araşdırılaraq hüquqi qiymət verilməsini istəyib. Polis tərəfindən hadisə yerinə baxış keçirilib və onun etirazını ifadə etdiyi fikirlər öz təsdiqini tapmayıb.

Onlar məsələyə yanaşmasına və mütəxəssis kimi düzgün qərar verdiyinə görə iyirmi minlik Bakı Dağ Yəhudiləri adından Yasamal RPİ-nin baş müstəntiqi, polis mayoru Mehrab Məmmədova təşəkkürlərini bildirirlər.

Düzü, qəbir daşlarının təhqir olunması, dağıdılması çox həssas bir mövzudur və bu həm insanlığa, həm də qanuna ziddir. Vətəndaş məmnunluğuna xidmət edən mövqe sərgilədiyinə, düzgün qərar qəbul etdiyinə görə təşəkkürə layiq bilinən həmkarımızla həmsöhbət olmaq üçün Yasamal RPİ-yə yollandım. İdarə rəisi, polis polkovniki Cəmil Əmirov məktubdan məlumatlı olduğunu bildirdi. Dedi ki, polis mayoru Mehrab Məmmədov intizamlı, gənc olsa da, peşəkar müstəntiqdir.

Vaxt itirmədən mükafatı təşəkkür olan, polisin adına və andına sadiq həmkarımızla da görüşdük.

Sözügedən məsələ ilə bağlı o, bunları diqqətimizə çatdırdı: “Əvvəlcə vətəndaşın etiraz məktubu ilə bağlı Bakı Dağ Yəhudiləri Dini İcmasını yazılı və şifahi şəkildə məlumatlandırdım. Məlum oldu ki, icma tərəfindən 2016-2017-ci illərdə köhnə qəbiristanlıq abadlaşdırılıb. Abadlaşdırma işlərinə lazım olan pulun bir hissəsi qəbiristanlığın çevrəsindəki dəmir barmaqlıqların kəsilərək satılması hesabına ödənilib. Həmin göstərilən məbləğ sinaqoqun nömrələnmiş və möhürlənmiş qəbzləri ilə mədaxil edilib. Qalan xərclər isə icmanın öz daxili imkanları sayəsində xərclənib. Sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsinə uyğun heç bir hərəkət qeydə alınmayıb. Yəni abadlaşdırma  zamanı heç bir qəbir dağıdılmayıb, korlanmayıb və üzərində təhqiredici hərəkətlər olmayıb. Vətəndaşın müraciəti ilə bağlı cinayət işinin başladılması Azərbaycan Respublikası CPM-nin müvafiq maddələri ilə rədd edilib”...

O, 1981-ci ildə Gəncədə doğulub. 2001-ci ildən daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Gəncşə Şəhər Baş Polis İdarəsi olub. DİN-in Polis Akademiyasını bitirib. Bir çox vəzifədə xidmət edib. 2016-cı ildə Şəmkir RPŞ-də müstəntiq vəzifəsinə irəli çəkilib. 2019-cu ilin iyunundan hazırda tutduğu vəzifədə xidmət edir.

Hafiz TƏMİROV,
polis mayoru

Son xəbərlər