Ədliyyə nazirinin müavini Vilayət Zahirov Masallıda vətəndaşları qəbul edib

Noyabrın 8-də ədliyyə nazirinin müavini Vilayət Zahirov Masallı rayonunda vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib, həmçinin həlli başqa qurumlara məxsus olan müraciətlər aidiyyəti üzrə göndərilib.
Həmçinin ətraf rayon icra və probasiya şöbələrinin rəislərinin iştirakı ilə müşavirə keçirilərək ədliyyə fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanın müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının icrasının təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiya hallarının yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.