Azərbaycan Ali Məhkəməsinə yeni səlahiyyət verilir – məhkəmələrdə monitorinq…

Məlum olduğu kimi, məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Azərbaycan Prezidentinin fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Müzakirəyə çıxarılan layihələr vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi kimi iki əsas istiqaməti əhatə edir. Qanun layihələrinə əsasən, məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqlərin təşkil edilməsi nəzərdə tutulur. Monitorinqin nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilməsi zamanı nəzərə alınacaq.
- “…monitorinqin aparılmasının məhkəmə qərarlarının dəyişdirilməsinə səbəb olub-olmayacağı araşdırılmalıdır”
Məhkəmələrin fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün Ali Məhkəmə tərəfindən monitorinqin təşkil edilməsi barədə fikir bildirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Prezident tərəfindən Fərman imzalanıb. Həmin Fərman məhkəmə hakimiyyəti sistemində yeni imkanlar açıb. Məlumdur ki, artıq bir çox qanunvericilik aktında dəyişiklik baş verib: “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair iki istiqamətdə qanun paketi Milli Məclisə daxil olub. Paketlərdən biri Ali Məhkəməyə yeni səlahiyyətlərin verilməsi ilə bağlıdır”.
Həmsöhbətimiz hesab edir ki, Ali Məhkəməyə monitorinq səlahiyyətinin verilməsi bu sahədə müəyyən dəyişikliklərə səbəb olacaq. Monitorinqin hansı formada aparılmasına gəlincə, Ə.Nuriyev bildirdi ki, bu mövzu ilə bağlı izahata ehtiyac var. Bu, yuxarı məhkəmənin nəzarət funksiyasını özündə ehtiva etmək imkanı verən alətdən biri kimi ola bilər. Ancaq monitorinq funksiyasının hansı formada aparılması dəqiq müəyyənləşdirilməlidir. Eyni zamanda, monitorinqin aparılmasının məhkəmə qərarlarının dəyişdirilməsinə səbəb olub-olmayacağı araşdırılmalıdır.
Günel CƏLİLOVA