20/11/2019 08:40
728 x 90

Teleefirdə cəmiyyəti təhqir etdikləri bəs etmədi, üstəlik, məhkəməyə də sayğısızlıq etdilər…

img

Rəşad İlyasovun vəkili danışmaqdan yayındı
“Siz, zəhmət olmasa, məhkəmə ilə əlaqə saxlayın”

 

Geniş auditoriyanı əhatə edən efir məkanında etik prinsiplərin pozulması qəbuledilməz hal olsa da, bəzi şou-biznes nümayəndələrinin bu qaydalara əməl etmədiyi göz önündədir. Efirdə söyüş işlədən, hətta ifa etdikləri mahnılara söyüş, təhqiramiz ifadə qatan, etikadankənar davranışlara yol verənlərin qanunla məhkəmə qarşısına çıxarılması cəmiyyətdə müsbət qarşılanır.  

Söhbət aprelin 5-də “Space” televiziyasında efirə gedən “Hər səhər” verilişində nalayiq ifadələr işlədən müğənni Rüfət Axundovdan və Əməkdar artist Rəşad İlyasovdan gedir.

Onu da bildirək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı məlumatda deyilirdi ki,  əsasən R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanal İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Məlum olduğu kimi, mayın 1-də Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası keçirilib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesə nə R.İlyasov, nə də R.Axundov gəlib. Onların məhkəmə prosesində iştirak etməməsi cəmiyyətdə ajiotaj yaradıb.

Xatırladaq ki, məhkəmə prosesində R.İlyasovun vəkili kimi Şahmar Məmmədov elan edilib.

Qeyd edək ki, xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edərək bildirib ki, işlədilən ifadələrə görə hər iki şəxsin cinayət məsuliyyətinə cəlb olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Xüsusi ittihamçı R.Sadıqlı da vəkili ilə razı olduğunu söyləyib, müğənnilərin həbs edilməsini istəyib.

R.İlyasovun və R.Axundovun mayın 1-də keçirilən məhkəmə prosesində iştirak etməməsi müxtəlif suallar doğurur. Hər iki müğənninin xalqı təhqir etdiyi bəs deyil, məhkəməyə də sayğısızlıq göstərməsi mənfi bir haldır.

R.İlyasovun vəkili Şahmar Məmmədovla əlaqə saxlayıb ondan hüquqlarını müdafiə etdiyi müğənninin hansı səbəbdən məhkəməyə gəlmədiyini öyrənmək istədik.

  • Şahmar Məmmədov: “Mən bu barədə açıqlama verə bilmərəm”

Ş.Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, o bu məsələ ilə bağlı KİV-ə heç bir açıqlama vermək istəmir. “Mən bütün jurnalistlərə, kütləvi informasiya vasitələrinə hörmətlə yanaşıram. Üzrlü hesab edin, mən bu barədə açıqlama verə bilmərəm. Siz, zəhmət olmasa, məhkəmə ilə əlaqə saxlayın” - deyə Ş.Məmmədov bildirdi.

Vəkil R.İlyasovun məhkəmə prosesində iştirak etməməsinin səbəbinə aydınlıq gətirmək əvəzinə, açıqlama verməkdən imtina etdi və görməli olduğu işi məhkəmənin üzərinə atdı. Məhkəmə öz işini onsuz da görür. R.İlyasov və R.Axundovla bağlı ittiham qaydası üzrə ədalətli hökm çıxaracağını, əlbəttə, həmin müğənnilər tərəfindən təhqir olunan cəmiyyətimiz gözləyir. Vəkilin burada hüquqlarını müdafiə etdiyi şəxslə bağlı məsələyə niyə aydınlıq gətirməməsi isə sual olaraq qalır.

İradə SARIYEVA

Son xəbərlər