“Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər, biz bunu bir növ qəbul etməliyik”
Məlum olduğu kimi, Azərbaycanda “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” yeni qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin son iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, hazırki qanunda çatışmazlıqlar mövcuddur: “Meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab edirik ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Məsələ ilə əlaqədar işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyacı var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatını itirir”.
Ə.Əmiraslanov qeyd edib ki, qara ciyər transplantasiyası ilə bağlı mühüm işlər görülür: “Ürək transplantasiyası işinə hazırlaşırlar, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər düyün nöqtəsindən tərpənməyəcək”.
Meyitdən orqan və toxumanın götürülməsi haqqında qanun layihəsəsinin qəbul olunmasının vacibliyi barədə danışan professor, tibbi ekspert Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda əsasən böyrək, qara ciyər orqanlarının transplantasiyası əməliyyatları keçirilir: “Orqan nəqli məsələsi sistem şəklini almalıdır. Donor haqqında qanun qəbul edilməli, həmçinin donor bankı yaradılmalıdır. Bu sahədə görüləcək işlər sistemli şəkildə həyata keçirilməlidir”.
İnsan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürməyin mümkün olduğunu deyən həmsöhbətimizin sözlərinə görə, orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var: “ Orqan kimdən köçürülə bilər? Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar, adətən, cavan adamlar olmalıdır. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası, nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır.
Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil. Sağlam və cavan adamların meyitinin yarılıb ondan orqan götürülməsinə hansı valideyn icazə verəcək? Cəmiyyət buna hazırdırmı? Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu bir növ qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır”.
Günel CƏLİLOVA