Fərid Həşimov: “Ağırtonnajlı nəqliyyat vasitəsi sürücülərinin intizam səviyyəsi qənaətbəxş deyil”
Yük maşınlarının törətdiyi qəzaların sayı artmaqda davam edir. Belə nəqliyyat hadisələrində həyatını itirənlər də az deyil. Bu günlərdə paytaxtın Heydər Əliyev prospektində ağır yük maşınının iştirakı ilə yol qəza hadisəsi baş verib.
Yayılan görüntülərdən yük avtomobilinin yol hərəkəti qaydalarını kobud şəkildə pozmasının ağır qəzaya səbəb olduğu aydın olur.
Bu kimi hadisələrə səbəb kimi sürət həddinin aşılması, nəqliyyat vasitəsini idarə edən sürücünün yorğun və yuxulu olması göstərilir.
Nəqliyyat eksperti Fərid Həşimov baki-xeber.com-a şərhində bildirdi ki, ağırtonnajlı nəqliyyat vasitəsi sürücülərinin intizam səviyyəsi qənaətbəxş deyil: “Dəhşətli qəzalar əsasən yük avtomobillərinin iştirakı ilə olur. Yük avtomobilləri böyük olduğu üçün ona çırpılan minik avtomobili elə bil qayaya çırpılır. Yəni yük avtomobillərinin daşıdığı təhlükə daha yüksəkdir, onların manevr imkanları daha məhduddur. Ona görə də onlara qoyulan sürət məhdudiyyəti minik avtomobillərinə qoyulan sürət məhdudiyyətindən fərqlənir. Yük avtomobillərinin sürücülərindən daha yüksək peşəkarlıq tələb olunur. Çox təəssüf ki, bəzi sürücülər ya bilmir ya da nəzərə almırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yük avtomobillərinin normadan artıq yüklənməsi avtomobil yollarına zərər vurur: “Bundan əlavə normadan artıq yüklənmiş yük maşınlarının əyləc sistemində problem yarana bilər, qəfil tormozlama, dayanma, manevr etmə zamanı sürücü idarəetməni itirə bilər”.
Günel CƏLİLOVA