Məhsəti Hüseynova: “Bu kimi məhsullar Azərbaycanda da istifadə edilirsə, təbii ki, satışda var”
Məlum olduğu kimi, "Nestle" şirkəti tərəfindən körpə və azyaşlılar üçün nəzərdə tutulmuş bəzi qida məhsullarının ehtiyat tədbiri olaraq geri çağırılması barədə qərar qəbul edilib. Buna səbəb istehsal prosesi zamanı məhsulların "Bacillus cereus" bakteriyası tərəfindən hasil olunan sereulid toksini ilə çirklənməsidir.
Artıq Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıqda "SMA", "BEBA", "ALFAMINO", "Pre NAN" və digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən çıxarılıb.
Qeyd edək ki, “Nestle” şirkətinin məhsulları ölkəmizdə də satılır və onlara geniş tələbat var. Məlum hadisə ölkəmizdə uşaq qidalarının təhlükəsizliyi və bu sahədə nəzarət mexanizmləri ilə bağlı sualları da aktuallaşdırıb.
Qida mütəxəssisi Məhsəti Hüseynova baki-xeber.com-a şərhində bildirdi ki, bu kimi məhsullar Azərbaycanda da istifadə edilirsə, təbii ki, satışda var: “Mütləq şəkildə hər bir ana diqqətli olmalıdır. Həmin partiyalar yoxlanmalıdır. Əgər uşaqlarda hər hansı bir narahatlıq varsa - mədədə ağrı, köp, ürəkbulanma və ya uzun müddət davam edən ishal müşahidə edilirsə, mütləq şəkildə həkimə müraciət etsinlər. Eyni zamanda, məhsulun hansı yerdən alındığı barədə məlumat verilməsi vacibdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məhsul alınarkən qablaşdırmada zədələnmə, rəng və ya görünüşdə dəyişiklik müşahidə olunarsa, belə məhsullar istifadə edilməməlidir. İstənilən məhsul alınarkən və ya istifadəsi zamanı diqqətli olmaq lazımdır.
Günel CƏLİLOVA