Fərid Həşimov: “65-70 yaşlı şəxs tibbi baxımdan sağlam hesab edilərsə və refleks, görmə, eşitmə göstəriciləri normaldırsa...”
Son günlər sosial şəbəkələrdə taksi xidmətləri ilə bağlı yayılan məlumatlar ictimai marağa səbəb olub. Bildirilir ki, gələcəkdə taksi sürücüləri üçün müəyyən yaş meyarları tətbiq oluna bilər.
Sürücülərin minimal və ya maksimal yaş həddinin müəyyənləşdirilməsi məsələsi cəmiyyətdə müxtəlif fikirlərin formalaşmasına yol açıb. Bir qisim bu addımı təhlükəsizlik baxımından vacib hesab etdiyi halda, digərləri bunun sürücülərin iş imkanlarına təsir göstərə biləcəyini düşünür.
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Fərid Həşimov baki-xeber.com-a şərhində bildirdi ki, sürücülük fəaliyyəti üçün əsas göstərici vəsiqədir: “Vəsiqə yalnız tibbi müayinə nəticəsində verildiyi üçün insanın sağlamlıq durumu əsas şərtdir. 65-70 yaşlı şəxs tibbi baxımdan sağlam hesab edilərsə və refleks, görmə, eşitmə göstəriciləri normaldırsa, onun avtomobil idarə etməsində hüquqi problem yoxdur. Hər hansı yaş həddinin avtomatik şəkildə məhdudlaşdırılması düzgün olmazdı. Taksiləri idarə edən şəxslər üçün əsas meyar diqqət, peşəkarlıq, sağlamlıq və mövcud texnoloji tələbləri qarşılamağa yönəldilməlidir. Yaşından asılı olmayaraq bu tələblərə cavab verən istənilən şəxs taksi kimi fəaliyyət göstərə bilər”.
Günel CƏLİLOVA