Əliməmməd Nuriyev: “Rüşvət bilə-bilə qanunsuz nəticə əldə etmək məqsədilə verilibsə, bu hal ağır cinayət tərkibi yaradır”
Məlum olduğu kimi, bir neçə gün əvvəl tanınmış təhsil eksperti Kamran Əsədov həbs olunub. K.Əsədovun həbs olunmasına səbəb isə onun pul qarşılığında imtahan verən abituriyentlərə müxtəlif yollarla kömək etməsi, sualları ötürməsi olub.
Məhkəmə istintaqı zamanı dindirilən şahidlər və təqsirləndirilən şəxs öz ifadələrində sözügedən faktı tam şəkildə etiraf ediblər. Maraqlıdır, rüşvət verən şəxslər məsuliyyətə cəlb oluna bilərmi?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev baki-xeber.com-a şərhində bildirdi ki, rüşvət alan da, rüşvət verən də cinayət məsuliyyəti daşıyır. Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən, rüşvət verilməsi cinayət əməli hesab olunur: “Qanunvericiliyin tələblərinə görə, rüşvət verən şəxs cərimə oluna və ya azadlıqdan məhrum edilə bilər. Əgər rüşvət bilə-bilə qanunsuz nəticə əldə etmək məqsədilə verilibsə, bu hal ağır cinayət tərkibi yaradır və həmin şəxs 4 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.
Bununla yanaşı, qanunvericilikdə rüşvət vermə ilə bağlı istisna hallar da nəzərdə tutulub. Belə ki, rüşvət verən şəxs təhdid və ya məcburiyyət altında bu əməli törədibsə, yaxud cinayət faktı üzə çıxmamışdan əvvəl könüllü şəkildə hüquq-mühafizə orqanlarına müraciət edibsə, o, cinayət məsuliyyətindən azad edilə bilər”.
Həmsöhbətimizin dediyinə görə, məlum hadisə ilə bağlı işin hansı nəticə ilə yekunlaşacağı istintaqın gedişatından asılıdır: “Lakin bütün hallarda qeyd etmək lazımdır ki, korrupsiya yalnız rüşvət alanın deyil, rüşvət verənin də məsuliyyətidir. Şəxs yalnız o halda məsuliyyətdən azad edilə bilər ki, rüşvəti məcburiyyət qarşısında versin və bu barədə könüllü şəkildə aidiyyəti qurumlara müraciət etsin”.
Günel CƏLİLOVA