Fatimə Hacıbəyli: “Demoqrafik böhran cəmiyyətimizi fəlakətli sonluğa aparır”
Azərbaycanda əhalinin artım tempində müşahidə olunan zəifləmə son illərdə ciddi narahatlıq doğurmağa başlayıb. Açıqlanan statistik rəqəmlərə əsasən, ən az uşaq 2025-ci ildə doğulub. Belə ki, ötən ilin ilk 10 ayında ölkədə 80 802 uşaq dünyaya gəlib. İlin sonuna qədər bu rəqəmin təxminən 95 000 nəfərə çatması proqnozlaşdırılırdı.
Ancaq bu müstəqillik tariximizin ən aşağı doğum göstəricisi kimi qeydə alınıb.
Görəsən, Azərbaycanı demoqrafik böhran gözləyirmi?
Sosioloq Fatimə Hacıbəyli baki-xeber.com-a şərhində bildirdi ki, hər il doğulan uşaqların sayı əvvəlki ilə nisbətən az olur: “Azalmanın əsas səbəbləri sosial-iqtisadi problemlərlə – evsizlik, işsizlik, maddi çətinlik, gəlir bərabərsizliyi və həyat tərzinin ifrat şəkildə maddiləşməsi ilə bağlıdır. Bu gedişat davam edərsə, yaxın onilliklərdə əhalinin sayı sürətlə azalacaq, yaşlı əhali payı artacaq və nəticədə Azərbaycan xalqı demoqrafik cəhətdən məhv olma təhlükəsi ilə üz-üzə qalacaq. Problemin qarşısını almaq üçün təcili olaraq ailə, doğum və gənclərin sosial rifahını dəstəkləyən genişmiqyaslı proqramlar hazırlanmalı və həyata keçirilməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ən təhlükəli məqam ondan ibarətdir ki, doğulan uşaqlar arasında oğlanların sayı, qızlara nisbətən üstünlük təşkil edir: “Ümumiyyətlə qız övladı istəməyən ailələr də az deyil. Statistikaya fikir versək, hər il oğlan uşaqlarının sayının artdığını görərik. Bu gedişlə oğlanlar gələcəkdə ailə qurmağda çətinlik çəkəcək. Yəni onlar ailə qurmağ üçün, qız tapmayacaq. Bu da balansın pozulması deməkdir. Demoqrafik böhran cəmiyyətimizi fəlakətli sonluğa aparır”.
Günel CƏLİLOVA