Son illər Bakı və Abşeron yarımadasında göllərin tullantılar və torpaqla doldurularaq qurudulması halları artmaqdadır. Bu prosesin nəticəsi olaraq bir sıra ərazilərdə su hövzələrinin yerində yaşayış evləri və digər tikililər inşa olunur.
Bu tendensiya daha çox Abşeron rayonu, Masazır kəndi, Paşa Təhməzov küçəsində müşahidə olunur. Həmin ərazidə yaşayan sakinlər bildirir ki, yaxınlıqda olan göl maklerlər tərəfindən qanunsuz şəkildə doldurulur. Nəticədə də evlər su içərisində qalır. Sakinlər bu barədə aidiyyatı qurumlara müraciət etsələr də, nəticə əldə olunmayıb.
Qeyd edək ki, qurudulmuş göl ərazilərində ev tikintisi həm ekoloji, həm də sağlamlıq baxımından yolverilməzdir.
Elnur Fərzəliyev: “Ərazi vaxtilə göl, bataqlıq və ya qamışlıq olubsa, gələcəkdə tikililərin çökməsi və deformasiyası kimi problemlər qaçılmaz ola bilər”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev baki-xeber.com-a şərhində bildirdi ki, fərdi yaşayış evi almaq istəyən şəxslər mütləq şəkildə torpaq sahəsinin əvvəlki təyinatını və tarixçəsini araşdırmalıdır: “Ərazi vaxtilə göl, bataqlıq və ya qamışlıq olubsa, gələcəkdə tikililərin çökməsi və deformasiyası kimi problemlər qaçılmaz ola bilər. Bu səbəbdən də ev almaqdan öncə mütləq araşdırmaq lazımdır”.
Rövşən Abbasov: “Qurumuş gölün yerində ev tikilməsi yolverilməzdir”
Ekoloq Rövşən Abbasov baki-xeber.com-a bildirdi ki, gölün yerində evlərin tikilməsi düzgün deyil: “Göl qurudulubsa, deməli, ya su mənbələri kəsilib, ya da gölün su balansı pozulub. Abşeronda bir çox göllər duz mənbəyi kimi istifadə olunurdu. Belə yerlərdə inşa edilən evlərdə yaşamaq insan sağlamlığı üçün təhlükə yaradır. Bu ərazilərdə rütubət və nəmişlik çox olur, bu da yaşayış şəraitini çətinləşdirir. Rütubətli evlər revmatizm kimi xəstəliklər yaradır, mebel və digər əşyalar tez sıradan çıxır. Buna görə də qurumuş gölün yerində ev tikilməsi yolverilməzdir”.
Günel CƏLİLOVA