Rizvan Fikrətoğlu: “Rəqəmsallaşma burada məqsəd deyil, təhsilin keyfiyyətini artıran vasitə kimi həyata keçirilməlidir"
Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təklif olunur. Bu təkliflə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxış edib. O bildirib ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir: “Vəsait baxımından dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi, eləcə də digər məsələlərin elektron qaydada həyata keçirilməsi daha məqsədəuyğundur”.
Bu təşəbbüs dərsliklərin hazırlanması və yenilənməsi ilə yanaşı, xüsusilə texniki imkanları məhdud olan region və ucqar kənd məktəblərində elektron dərsliklərin tətbiqinin nə dərəcədə effektiv olacağı məsələsini də müzakirə predmetinə çevirir.
Maraqlıdır, bu sistemə keçid mümkün olacaqmı?
Təhsil eksperti Rizvan Fikrətoğlu baki-xeber.com-a şərhində bildirdi ki, əlçatanlıq və rahatlıq baxımından da elektron dərsliklər axtarış imkanları, interaktiv tapşırıqlar, video və audio materiallar vasitəsilə təhsilin keyfiyyətini artıra bilər: “Ancaq burda bəzi problemlər var. Belə ki, regionlarda internetə və uyğun texniki cihazlara çıxış eyni səviyyədə deyil. Bu məsələ həll olunmadan tam rəqəmsallaşma bir qədər qeyri-mümkün görünür. Sağlamlıq və yaş amili də nəzərə alınmalıdır. Xüsusən ibtidai siniflər üçün uzunmüddətli ekran istifadəsi arzuolunan deyil. Rəqəmsallaşma burada məqsəd deyil, təhsilin keyfiyyətini artıran vasitə kimi həyata keçirilməlidir".
Günel CƏLİLOVA