Əli Sultanov: “Kirayə məbləği də dövrün tələblərinə uyğun müəyyənləşdirilməlidir”
"İST rezidence" MMC-dən mənzil alan sakinlər narazılıq edirlər. Sakinlər qeyd edir ki, 5 ildir binaları sökülüb, yeni mənzillərlə təmin olunacaqları vədi verilsə də, hələ də evsiz qalıblar:
“Sökülən evlərinin yerində tikiləcək bina hazır olanadək onlara verilməli olan kirayə pullarının ödənişi ilə bağlı da problem var. Belə ki, kirayə məbləği 5 il öncə 400 manat müəyyən edilsə də, hələ də artırılmayıb. Ən əsası mənzillərinin veriləcəyi yer də dəyişdirilib. Hansı ki həmin ərazidə hələ söküntü işləri başlamayıb. Bu hal isə bizi çox narahat edir”.
Qeyd edək ki, bu kimi məsələlər zamanla tez-tez yaşanır. Bina sökülərkən şirkət sakinlərə müəyyən vədlər versə də, bir müddət sonra onlara əməl edilmir.
Əmlak eksperti Əli Sultanov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, son zamanlar əmlak bazarında ciddi qiymət artımı var: “Bu səbəbdən də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənməlidir. Həmçinin, şirkət vətəndaşla müqavilə bağlayır və həmin müqavilədə binanın və ya mənzilin neçə il ərzində təhvil veriləcəyi göstərilir. Əgər bina vəd edilən müddətdə təhvil verilməzsə, sakinlərin şirkəti məhkəməyə vermək hüququ var. Bununla yanaşı, kirayə məbləği də dövrün tələblərinə uyğun müəyyənləşdirilməlidir. Məlumdur ki, kirayə məbləği də 5 il öncəki eyni deyil”.
Günel CƏLİLOVA