Cavanşir Əliyev: “Məktəbə aid texnoloji avadanlıq satışa çıxarılıbsa, bu fakt doğrudursa bunu edənlər ciddi şəkildə cəzalandırılmalıdır”
Məlumdur ki, ümumtəhsil məktəbləri dövlət proqramına uyğun olaraq komputer və komputer avadanlıqları ilə təmin olunur. Bu günlərdə sosial mediada Balakən rayonunda məktəblərə verilməsi nəzərdə tutulan kompüterlərin təhsil müəssisələrinə çatdırılmadığı və satışa çıxarıldığı ilə bağlı məlumat yayılıb.
Oxşar vəziyyətin Zaqatala rayonunun iri kənd məktəblərindən birində də yaşandığı qeyd olunur. Məlumata görə, müəllimlərdən birinə kompüterləri guya təhvil aldığına dair zorla imza atdırılıb, lakin avadanlıqlar faktiki olaraq məktəbə verilməyib.
Təhsil eksperti Cavanşir Əliyev baki-xeber.com-a deyib ki, kənd məktəblərində internet və kompüter avadanlıqlarının əlçatan olması rəqəmsal savadlılığın inkişafını təmin edir: “Bu da şagirdlərin informasiya texnologiyaları ilə tanış olmasına və onlardan səmərəli istifadə etməsinə imkan yaradır. Eyni zamanda, distant təhsil üçün lazım olan texnologiyaların təmin olunması, kənd məktəblərinin müasir təhsil sisteminə inteqrasiya etməsini asanlaşdırar. Bəzi məktəblərin hələ də kompüter avadanlığı ilə təmin edilməməsi ciddi problemdir, bu məsələ araşdırılmalıdır.Məktəbə aid texnoloji avadanlıq satışa çıxarılıbsa, bu fakt doğrudursa bunu edənlər ciddi şəkildə cəzalandırılmalıdır”.
Leyla QARAXANLI