Leyla Sariyeva: “Texniki və yemlik sort kartoflar məhsuldarlığı artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən istifadə olunur”
Son zamanlar qida üçün nəzərdə tutulmayan "texniki kartofların bazara çıxarıldığı iddia olunur. İddiaya görə, ölkəyə idxal olunan kartof çeşidləri arasında "texniki kartof" adlanan çeşid də var ki, bu kartof əslində heyvan yemi məqsədilə istehsal olunub, amma istehlaka yönəldilir.
Maraqlıdır, alıcılar texniki kartofu, ənənəvi kartofdan necə seçməlidir?
Qida eksperti Leyla Sariyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, texniki və yemlik sort kartoflar məhsuldarlığı artırmaq məqsədilə istehsal zamanı zəhərli kimyəvi maddələrdən, pestisidlərdən daha çox istifadə olunur: “Ona görə də onlardan qida kimi istifadə etmək insan orqanizmi üçün zərərlidir. Texniki sort kartoflar zərərvericilərin təsirindən qorumaq üçün torpaqdan çıxarılandan sonra bir müddət Günəşin altında saxlanılır. Bu zaman kartoflarda insan orqanizmi üçün zərərli olan solanin maddəsi yaranır ki, bu da zəhərlənməyə və daha ciddi fəsadlara səbəb ola bilər. Kartofun rəngi az da olsa göyəribsə, həmin kartofdan qida kimi istifadə etmək təhlükəlidir.
Məlumat üçün deyim ki, istifadəyə yararsız kartoflar insanlarda ciddi mədə-bağırsaq, xərçəng yaradır və maddələr mübadiləsini pozur. Bu səbəbdən də idxal olunan ərzaq malları və kənd təsərrüfatı məhsulları laborator analizdən keçirilməlidir. Laborator yoxlama zamanı kartofda nişastanın miqdarı 16-18 faizdən yüksək olduğu ortaya çıxarsa, heç şübhə yox ki, bu texniki sort kartoflardır. Onu da deyim ki, ölkəyə xaricdən kartof idxal olunur. Zamanla ölkəyə idxal olunan kartofun istifadəyə yararsız olduğu müəyyən edilib. Ümumiyyətlə, istənilən satışa çıxarılan məhsulun təhlükəsizlik və gigiyenik sertifikatları olmalıdır. Satıcı isə bunu alıcıya göstərməyə borcludur. Vətəndaşlar bilməlidir ki, sertifikatı olmayan məhsulu almaq olmaz”.
Günel CƏLİLOVA