Türk Hava Yolları (THY) 2025-ci il üzrə sərnişin və yük daşımalarına dair statistik göstəricilərini açıqlayıb. Məlumata görə, aviaşirkət ötən il ərzində sərnişin sayını 8,8 faiz artıraraq 92,6 milyona çatdırıb.
Şirkətin açıqladığı məlumatlara əsasən, 2025-ci ilin dekabr ayında təklif olunan oturacaq-kilometr (AKK) üzrə tutum əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artıb. Həmin ay beynəlxalq reyslərdə doluluq səviyyəsi 82,6 faiz, daxili reyslərdə isə 82,7 faiz təşkil edib. Dekabr 2024-cü ildə 2,8 milyon olan tranzit (xaricdən-xaricə) sərnişinlərin sayı 2025-ci ilin eyni ayında 14,1 faiz artaraq 3,2 milyona yüksəlib. Ümumi AKK həcmi isə 21,4 milyarddan 9,2 faiz artımla 23,3 milyard səviyyəsinə çatıb. Daşınan yük və poçt həcmi də dekabr ayında illik müqayisədə 15,9 faiz artaraq 192,4 min ton olub. 2025-ci ilin yanvar–dekabr dövrünü əhatə edən göstəricilərə görə, THY-nin ümumi sərnişin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artaraq 92,6 milyon nəfər təşkil edib. Eyni dövrdə tranzit sərnişinlərin sayı 12,8 faiz artaraq 31,7 milyondan 35,7 milyona yüksəlib. İl ərzində ümumi doluluq səviyyəsi 83,2 faiz olub. Bu göstərici beynəlxalq reyslərdə 82,9 faiz, daxili reyslərdə isə 86 faiz səviyyəsində qeydə alınıb. Ümumi təklif olunan oturacaq-kilometr həcmi 2024-cü ildə 254,1 milyard olduğu halda, 2025-ci ildə 7,5 faiz artaraq 273,2 milyarda çatıb. Yanvar–dekabr dövründə daşınan ümumi yük və poçt həcmi isə 8,4 faiz artımla 2 milyon tondan 2,2 milyon tona yüksəlib. 2025-ci ilin dekabr ayının sonuna olan məlumata görə, Türk Hava Yollarının hava donanmasında olan təyyarələrin sayı 516-ya çatıb.
SAMİRƏ