Elçin Əfəndi: “Son zamanlar rus bölməsinə maraq azalıb”
Xəbər verildiyi kimi, Bakıda fəaliyyət göstərən “Hədəf” liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır. Bu barədə “Hədəf” liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək. Ş.Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var.
Bunlar rus bölməsinə tələbatın azalması və liseyin bilingval – Azərbaycan–ingilis dilli təhsil modelinə keçidi ilə bağlıdır. O, bildirib ki, rus dili tamamilə ləğv edilmir və bundan sonra ikinci xarici dil kimi tədris olunacaq. Maraqlıdır, doğrudanmı ölkədə rus dilinə maraq azalıb yoxsa başqa səbəblər var?
Təhsil eksperti Elçin Əfəndi baki-xeber.com-a şərhində bildirdi ki, son zamanlar rus bölməsinə maraq azalıb. Həmçinin, rus bölməsinin məzunlarının göstəriciləri də zəifləyib: “Məlumdur ki, rus bölməsinə daha çox azərbaycanlı ailələr öz övladlarını yazdırır. Ancaq həmin ailələrin uşaqları ya rus dilini qismən bilir ya da heç bilmir. Nəticədə həmin uşaqların göstəriciləri zəif olur. Ali təhsil müəssisələrində keçirilən imtahanlarda rus bölməsində təhsil alanların nəticələri daha aşağı olur”.
Həmsöhbətimiz hesab edir ki, “Hədəf” liseyi rus bölməsinə qəbulun dayandırılması ilə bağlı doğru qərardır: “Şamil Sadiq liseyin bilingval – Azərbaycan–ingilis dilli təhsil modelinə keçid edəcəyini açıqlayıb. Bu modelə daha çox üstünlük verilməlidir. Dövlət və özəl təhsil müəssisələrində azərbaycan–ingilis dilli təhsil modelinə üstünlük verilməlidir. Azərbaycanlı ailələr rus dilindən uzaq durmalıdır, rus bölməsinə müraciət yalnız azsaylı xalqların nümayəndələri tərəfindən olmalıdır”.
E.Əfəndi onu da əlavə etdi ki, hazırda 100 min nəfər rus bölməsində təhsil alır: “Rus dilində təhsil alanların əksəriyyəti azərbaycanlılardır. Qeyd etdiyim kimi, həmin ailələr daha çox kiminləsə bəhs etmək üçün övladını rus bölməsinə qoyur. Yaxşı olar ki, valideynlər həmin bölmədə övladlarına yalnız rus dilinin deyil, həmçinin rus milli ideologiyasını da aşıladığını başa düşsünlər”.
Günel CƏLİLOVA