Aydın Mirzəzadə: “Məlum müşavirədən sonra bu sahədə yaşanan problemlər öz həllini tapacaq”
"Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır". Bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
Ölkə başçısı qeyd edib ki, leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır: “Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur”.
Millət vəkili Aydın Mirzəzadə baki-xeber.com-a şərhində bildirdi ki, Bakının hazırki su kanalizasiya sistemi 1970-ci illərdə formalaşıb. Həmin zamandan bu yana şəhərin əhalisi xeyli çoxalıb: “Bununla yanaşı, Bakıda inşa edilən hündürmərtəbəli binaların, yeni obyektlərin sayı artıb. Bu isə mövcud sistem üçün əlavə yükdür. Həmin sistemin yenilənməsinə böyük ehtiyac var. Yağış yağan zaman küçələrin su ilə dolması, nəqliyyatın hərəkətində çətinliyin yaranması göz qabağındadır. Cənab Prezidentin müşavirədə məlum çıxışı göstərdi ki, bu məsələ ölkə rəhbərliyinin ciddi diqqətindədir. Yağış sularının qısa zamanda çəkilməsi üçün hökumət böyük işlər görmək fikrindədir. Hesab edirəm ki, məlum müşavirədən sonra bu sahədə yaşanan problemlər öz həllini tapacaq”.
Günel CƏLİLOVA