Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin (LREM) elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin çapdan çıxan yeni monoqrafiyası “Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı arxiv sənədlərdə (1813-1828)” adlanır.
Monoqrafiya ölkə başçısı İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin geniş ictimaiyyətə təqdim olunması məqsədilə nəşr edilib.
Bildiyimiz kimi, tarixi hadisələrlə zəngin olan XVIII əsrin II yarısı Azərbaycanın dövlətçilik tarixində mühüm bir dövrdən ibarətdir. Monoqrafiyada 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında əzəli Azərbaycan torpaqlarının Qacarlar İranı və Çar Rusiyası tərəfindən işğalı arxiv sənədləri əsasında elmi mənbələrə istinad olunaraq araşdırılıb.
Cəmil Quliyevin geniş oxucu kütləsinə təqdim etdiyi və ən əsası, 5503.02 “Vətən tarixi” ixtisası üzrə elmi-tədqiqatlar aparan alimlər, mütəxəssislər, dissertantlar üçün əhəmiyyətli mənbə olan monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Rəyçilər Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Elmlər Akademiyasının A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri, Elm üzrə Dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənovdur.
Onu da bildirək ki, kitabda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və AMEA prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyası: inkişaf mərhələləri və müasir dövr” adlı məqaləsi də verilib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü