Zirədə zibil dizə çıxır...

İstehsal və məişət tullantılarının, yəni zibillərin yığılması, daşınması və məhv edilməsi böyük bir problemə çevrilib. İdarə olunmayan – məhvi mümkün olmayan tullantılar yeraltı və yürüstü suların çirklənməsinə, ətraf mühitin zəhərlənməsinə, ev həşəratlarının, siçovul, siçan, tarakanların artmasına səbəb olur. Bu da, öz növbəsində, yoluxucu xəstəliklərin yayılması və çoxalması deməkdir.
Bu gün bir sıra ərazilərdə, o cümlədən bölgələrdə də zibillərin daşınması sahəsində problem var. Bakının Xəzər rayonunun Zirə qəsəbəsində isə sakinlər problemin həlli ilə bağlı qeyri-adi çarə tapıb. Belə ki, qeyd ediləb qəsəbədə zibil eşşək arabası ilə daşınır. Bu haqda sosial şəbəkədə çoxlu sayda görüntü yayılıb. Videonu çəkən sakin həmin ərazidə zibillərin bələdiyyə tərəfindən eşşək arabası ilə daşındığını bildirib.
Zirə Bələdiyyəsi: “Biz zibil yığmırıq, bu işə baxmırıq”
Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, onlar sosial şəbəkədə yayılmış görüntülərdən məlumatlıdır: “Biz zibil yığmırıq, bu işə baxmırıq”.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi: “Görüntü araşdırılıb və müəyyən edilib ki, qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur”
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən “Bakı-Xəbər”ə deyildi ki, rayon ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir: “Məlum görüntü araşdırılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur. Həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar. Bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb".
Elxan Əliyev: “Zirə qəsəbəsində zibilin eşşək üzərində daşınması görüntüsü biabırçılıqdır”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, məişət tullantılarının vaxtında daşınmaması istər mərkəz ərazilərdə, istər bölgələrdə, istərsə də kənar qəsəbələrdə həll edilməyən problem olaraq qalır: “Zirə qəsəbəsində zibilin eşşək üzərində daşınması görüntüsü biabırçılıqdır. Bu görüntü onu göstərir ki, biz irəliləyib, qabağa getmək əvəzinə geriyə qayıdırıq. At-eşşək üzərində yük daşınması yüz il bundan qabaq olub. Texnologiyanın inkişaf etdiyi zamanda zibilin heyyan üzərində daşınması gülüncdür”.
Günel CƏLİLOVA