Vətən sevgisinin ən uca zirvəsi...

Cəlilabad rayonunun Sərhədabad kəndində boya-başa çatan Hüseyn Həsənxan oğlu Qasımzadə 44 günlük haqq savaşımızda şəhid olanda yenicən 19 yaşına girmişdi. O, ömrünün az vaxtında xalqın qəhrəmanlıq simvoluna dönərək adını Azərbaycanın yeni, şanlı tarixinə yazdı. Bəli, Hüseyn yaşının çərçivəsinə sığmayan bir hünər göstərdi. Canından keçdi ki, sevdalandığı Vətən azad, milləti xoşbəxt yaşasın. Artıq bəşər övladı üçün bundan böyük şərəf yoxdur. Hüseynin həyat yolu çox qısa oldu, qaldı ki, torpağa gömülmədi, örnək olaraq daimi işıq saçmaqdan ötrü əbədiyyət ulduzuna qədər ucaldı. Xalq onu ürəyində bəslədiyi kimi, şərəfli ölümündən sonra dövlət tərəfindən də “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olmasına görə” medallara layiq görüldü...
Hüseyn Qasımzadə orta məktəbi bitirəndə təmiz ürəkli, vicdanlı, olduqca qeyrətli bir gənc olaraq doğma kəndində hamı tərəfindən sevilib. Yaxşılardan görüb-götürməyi onun Vətən, xalq üçün layiqli övlad olduğunu göstərib. 2019-cu ildə ordu sıralarına həvəslə yola düşüb. Bu da onun hər qarışını əziz bildiyi doğma Azərbaycana sevgisindən, mənfur düşmənə qarşı nifrətindən irəli gəlib. Cəbhə bölgəsinə düşən əsgər Hüseyn Qasımzadə layiqli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirməklə bərabər, hər an qana susamış erməni dığasından qisas almaq keçib ürəyindən, onlarla döyüşə can atıb. Əsgər yoldaşlarına da həmişə deyib ki, əgər müharibə olsa Vətən torpağı azad olmamış silahı yerə qoymaram. Bu müqəddəs yolda son damla qanıma qədər döyüşməyə hazıram. Hüseyn sözünə əməl etmək üçün hərbi təlimlərdə fəal olub, ən ağır dəqiqələrdə belə yüksək dözüm, iradə, əzm, böyük fədakarlıq göstərib.
2020-ci ilin 27 sentyabrında əsgər Hüseynin arzuladığı məqam yetişəndə digər igid oğullarımız kimi o, da odlu-alovlu səngərdə ilk yerini alıb. Müharibə meydanında düşmənə vurduğu ağır zərbələrlə yadda qalıb. Onun hünəri sayəsində azad olunmuş Vətən torpaqlarında üç rəngli qələbə bayrağımız dalğalanıb. 6 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından əbədiyyətə qovuşub Hüseyn...
Bəli, deyirlər ki, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda Hüseyn kimi qeyrətli oğullar bu həqiqəti qanları bahasına bir daha sübut etdilər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü