Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində iyulun 11-də Laçında olublar.
Səyyahlar əvvəlcə "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilionuna gəliblər. Onlara buradakı çəkilişlər barədə məlumat verilib.
Sonra ilk dəfə Laçın şəhərinin poçt mərkəzindən xaricə məktub göndərilib. Səyyah Devid Cozef Langan tərəfindən İrlandiyanın Dublin şəhərinə məktub ünvanlanıb.
Həmçinin səyyahlar “Yurd qalareyası”nı da ziyarət ediblər. Burada onlar yerli sakinlər tərəfindən toxunan xalçalarla, əl işləri ilə tanış olublar.
Dünya səyyahları Laçın şəhərindəki “Gilabi Ceramics” mərkəzinə də baş çəkib, burada gildən hazırlanan əl işlərinə baxıblar.
İyulun 10-dan başlayan üç günlük səfər çərçivəsində səyyahlar Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət edirlər.
On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
Son 4 ildə dünyanın əsas beynəlxalq səyyahlar klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər təşkil olunub.
ZÜMRÜD