Xankəndinin tarixində ilk hadisə - heç sovet dövründə də bu yox idi...

Ərşad Hüseynov: “Dəmir yolunun inkişafı işğaldan azad edilən ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir edəcək”
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.
Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Qeyd edək ki, Qarabağda nəqliyyat növlərinin çoxalması bölgənin əlçatanlığını artırır, məskunlaşmanı sürətləndirir, turizm və biznes üçün şərait yaradır, həmçinin, iqtisadi inkişafı gücləndirir.
“Xankəndidə Avtovağzal Kompleksinin təməlinin qoyulması ölkənin digər rayonları ilə əlaqələrin qurulması baxımından əhəmiyyətlidir”
Məsələnin əhəmiyyəti haqqında fikir bildirən nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azad ərazilərdə nəqliyyat növlərinin artması Qarabağın sosial-iqtisadi inkişafında mühum rol oynayacaq. Vacib məsələlərdən biri də orda yaşayacaq insanların rahatlığının və mobilliyinin təmin olunmasıdır. Qarabağa insanlar rahat şəkildə gedib-gəlməlidir. Müasir dövrdə şəhərlərarası daşımada ən təhlükəsiz nəqliyyat növü dəmiryoludur. Həm ekoloji, həm iqtisadi, həm də əlverişli nəqliyyat növü dəmir yolu hesab edilir. Xankəndidə dəmir yolu vağzalının bərpası, yenidən qurulması və eyni yerdə avtovağzalın tikilməsi çox əhəmiyyətlidir. Bu o deməkdir ki, multimodal sərnişin daşımaları həyata keçiriləcək. Məlumat üçün deyim ki, Xankəndi şəhərində olan dəmir yolu vağzalı hələ işğaldan əvvəl illərdə belə təkcə həmin şəhərə xidmət etmirdi. Dəmir yolu vağzalı Şuşa, Laçın və digər rayonlara xidmət edirdi. İndi həmin dəmir yolu vağzalı ilə Bakı, Şuşa, Laçın, Xocavənd və digər istiqamətlərə getmək mümkün olacaq. Bu, sərnişinlər üçün olduqca əhəmiyyətlidir. Onu da deyim ki, həmin vağzalda yük stansiyası da olacaq. Bu isə həmin ərazinin iqtisadi inteqrasiyasında çox vacib rol oynayacaq. Yüklərin dəmir yolu ilə daşınması logistik baxımdan da əhəmiyyətlidir. Yükdaşımada da dəmir yolu ən təhlükəsiz nəqliyyat növü hesab edilir. Bu səbəbdən də dəmir yolunun inkişafı ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir edəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Xankəndidə Avtovağzal Kompleksinin təməlinin qoyulması ölkənin digər rayonları ilə əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Bu işlər turizmin inkişafına da müsbət təsir edəcək, çünki turizmin inkişafında nəqliyyatın əlçatanlığı önəmlidir.
Günel CƏLİLOVA