Könül İsmayılova: “Bu gün qızları sevgi deyil, maddiyyat maraqlandırır, ona görə də…”
Əvvəllər cəmiyyətdə gənclərin özlərindən 20-30 yaş böyük insanla ailə həyatı qurması hallarına ara-sıra rast gəlinirdi. Ancaq son zamanlar bu tendensiya artıb. İndi ailə qurmaq istəyən gənc qızlar öz yaşıdları ilə deyil, daha çox yaşlı kişilərlə izdivaca üstünlük verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.
Maraqlıdır, cavan qızlar niyə yaşlı kişilərlə ailə qurmağa üstünlük verir?
“Bəzi qız uşaqlarının ata sevgisini lazımınca görməməsi onların yaşlı kişilərə meyl etməsinə səbəb olur”
Psixoloq Könül İsmayılova "Bakı-Xəbər"ə şərhində bildirdi ki, evlilikdə ciddi yaş fərqinin olması sosioloji problemlərdən qaynaqlanır. Qızların yaşlı kişilərlə evlənməyə maraq göstərməsinin bir sıra səbəbləri var: “Bəzi qız uşaqlarının ata sevgisini lazımınca görməməsi onların yaşlı kişilərə meyl etməsinə səbəb olur. Uşaqkən ata sevgisi görməyən qızlar böyüyəndə daha yaşlı kişilərə meyl edir. Ona tərəf-müqabili kimi yox, bir böyük, arxa kimi baxır. Onu da əlavə edim ki, bu gün qızları sevgi deyil, maddiyyat maraqlandırır. İndiki qızlar daha çox maddiyyata üstünlük verir. Yaşı çox olan qadınlarla münasibət qurmağa üstünlük verən gənclər, istər qızlar, istərsə də oğlanlar daha çox maddi maraq güdür və ya intellektli, bacarıqlı, sosial mühitdə özünə dayaq ola biləcək bir insana ehtiyac duyur. Yaşlı kişilər gənc qızlara qarşı cox nəzakətli olurlar. Lakin həmyaşıdları olan oğlanlar qızlara qarşı çox da nəzakətli olmurlar. Gənc oğlanlar əyləndikləri qızları tez-tez təhqir edir, döyür və digər zorakılğa məruz qoyurlar. Ona görə də bu cür xoşagəlməz hallardan sığortalanmaq üçün qızlar qocalara üz tuturlar. Zamanla bu tendensiya daha da artacaq. Yaşlı kişilərlə ailə quracaq cavan qızların sayı daha da artacaq”.
Psixoloq hesab edir ki, uğurlu evliliklərin əsas səbəbi sevginin qarşılıqlı olmasıdır. Yaş fərqi çox olan ailələrdə problem daha çox qısqanclıqdan yaranır. Yaş fərqi başlanğıc üçün o qədər də güclü maneə sayılmaya bilər, çünki o zaman hər iki tərəf sevdiyini düşünür və gələcək həyatlarında yaş fərqinin maneə olmayacağını hesab edirlər: "Lakin evlənənlər arasında maksimum 5-6 yaş fərq olduqda, bu, ailədə problem yaratmır, daha çox fərqlə qurulan evliliklərdə mütləq zamanla ünsiyyət problemi yaranır”.
Günel CƏLİLOVA