Pərvanə Mustafayeva: “Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımlar atılmalıdır”
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin sığorta sisteminə daxil edilməsi istiqamətində danışıqlar aparılır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
Əgər aparılan danışıqlar nəticə versə, onkoloji tibbi xidmətlərin bir qismi xidmətlər zərfinə daxil ediləcək.
“Hər bir vətəndaş hansısa bir xəstəlikdən əziyyət çəkirsə, onun da hüququdur ki, icbari tibbi sığortasından istifadə edə bilsin”
Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, onkoloji xəstəlik İcbari Tibbi Sığortaya keçirilməlidir: “Danılmaz faktdır ki, onkologiya çox yüksək maliyyə xərci tələb olunan xəstəliklər siyahısına aiddir. Onkoloji xəstəliklərin bu paketə əlavə edilməsi bir çox insanların problemlərinin həll olunmasına çox böyük kömək olacaq. Əgər icbari tibbi sığorta respublikada tətbiq olunursa, bu xəstəlik də ora daxil olmalıdır. Hər bir vətəndaş hansısa bir xəstəlikdən əziyyət çəkirsə, onun da hüququdur ki, icbari tibbi sığortasından istifadə edə bilsin. Güman edirəm ki, növbəti mərhələdə məhz onkoloji xəstələr icbari tibbi sığorta paketindən istifadə edə biləcəklər. Bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunub, adıçəkilən xəstəliyin paketə salınmasının vacibliyi bildirilib. Ümid edirəm ki, gələn ilin büdcəsində bu məsələ əks olunacaq. Nəzərə almaq lazımdır ki, ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı heç də az deyil. Hər xəstənin də imkanı o dərəcədə deyil ki, müalicəni qarşılaya bilsin. Müalicə üçün 100 manatı olmayanlar ucqar kəndlərdən paytaxta gəlib neçə min manatlıq əməliyyatları 1 manatsız etdirə bilir. İnsanlar bu gün ölkəmizdə icbari tibbi sığortanın verdiyi fürsətlərdən sevinclə, rahatlıqla istifadə edə bilir. Tibbi personal da bundan çox məmnundur. Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunması istiqamətində real addımlar atılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, onkoloji xəstələrin sayı ilə bağlı statistik rəqəmlər daha böyükdür: “Özəl klinikalarda müalicə keçənlər bu rəqəmlərdən kənarda qalırlar. Odur ki, göstərilən statistika reallığı əks etdirmir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzi, yumurtalıq, kişilərdə isə ağ ciyər və mədə xərçənginə tutulma halı daha çoxdur”.
Günel CƏLİLOVA