Nazir imtahan suallarının çətinliyindən narazılıq edən müəllimlərə çağırış etdi - Qışqırmaqla problem həll edilmir...

Biz kompüterlə imtahan edəndə belə bizə bəhanə ilə gəlirlər. Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
"Deyirlər ki, imtahan vaxtı günəş üzümə düşdü, həmin vaxt otaqda kondisioner işləmirdi deyə mən 30 balı da yığa bilmədim",- deyə o əlavə edib.
Nazir deyib ki, müəllimin borcu oxumayan uşaqlarla işləməkdir. O bildirib ki, müəllimliyi insanlar özləri seçir: "Biz sertifikasiyanı buna görə tətbiq etmişik ki, daha yaxşı müəllimi seçək.
30 sualdan 30-na da doğru cavab verən müəllimlə, 10 suala doğru cavab verən şəxsə müəllim demək ədalətsizlikdir".
Nazirin sözlərinə görə, bu gün bizim ən böyük davamız Azərbaycan dili və ədəbiyyat fənnindən sualların çətinliyi ilə bağlı narazılıqdır. O qeyd edib ki, suallar çətindir və 200 müəllim narazıdır deyirlər. "Narazıdırlar müraciət etsinlər aydınlaşdıraq. Qışqırmaqla problem həll edilmir. Mənə bununla bağlı heç kim müraciət etməyib. Mənə edilən müraciət müəllimin saat hesabı ilə bağlıdır əsasən", - deyə o əlavə edib.