Kamran Məmmədli: “Azad edilmiş ərazilərə səfərlərin artırılması turizmin inkişafına töhfə verir”
“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır. Bu barədə Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, mayın 20-dən etibarən vətəndaşlar “Yolumuz Qarabağa” portalından (www.yolumuzqarabaga.az) əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Portal üzərindən rəsmiləşdirilən icazələr iki gün müddətində etibarlı olacaq.
Beləliklə, işğaldan azad edilmiş rayonlara səfər daha da asanlaşdırılır və vətəndaşların daha çox bölgələrə getmək imkanı olur.
“Səfərlərin genişləndirilməsi həmin ərazilərdə yeni yaşayış obyektlərinin açılmasına, infrastrukturun, hotellərin, restoranların inkişafına təkan verəcək”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azad edilmiş ərazilərə səfərlərin artırılması turizmin inkişafına töhfə verir: “Mərhələli şəkildə işğaldan azad olunmuş bütün yaşayış məntəqələrində məskunlaşma həyata keçirilir, səfərlər təşkil olunur. Bu gün bu potensialdan tam şəkildə yararlana bilməməyimizin səbəbi müəyyən ərazilərdə minaların olması və bəzi yerlərin işğalçılar tərəfindən tamamilə dağıdılmasıdır. Minadan təmizlənmə prosesi davam etdikcə, daha çox məskunlaşmalar, turlar müşahidə edilir. Qarabağın mövcud turizm potensialının tanıdılması üçün zəruri turizm infrastrukturunun yaradılması istiqamətində gərgin işlər davam edir. İşğaldan azad edilmiş ərazilərə fərdi səfərlərin təşkil olunması ilə vətəndaşlarımız həm dincələcək, həm təbiətin gözəlliyindən, mədəni-tarixi abidələrimizdən, yaradılmış əlverişli mühitdən zövq alacaq, həm də o bölgələrin erməni barbarları tərəfindən hansı vəziyyətə salındığının, indi isə əsl sahibləri tərəfindən necə abadlaşdırıldığının əyani şahidi olacaqlar. Onu da deyim ki, yerli vətəndaşlar daxili turizm dedikdə daha çox işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir. Quba, Qəbələ, İsmayıllı və digər rayonları deyil, məhz azad edilmiş bölgələrimizi görmək istəyirlər. Bu həm ölkədə daxili turizmin inkişafına, həm də regionda sosial-iqtisadi inkişafa yol açacaq. Həm də ki, işğaldan azad edilmiş ərazilər ölkə əhalisi üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan onların bu marağı daxili turizmin inkişafına töhfə verə bilər. Səfərlərin genişləndirilməsi həmin ərazilərdə yeni yaşayış obyektlərinin açılmasına, infrastrukturun, hotellərin, restoranların inkişafına təkan verəcək. Beləliklə həmin ərazinin çiçəklənməsinə birmənalı şəkildə qatqısı olacaq”.
Günel CƏLİLOVA