Natiq Cəfərli: “SMS xidmətlərinin qiymətlərinin artması banklarla mobil operatorlar arasında olan münasibətlərdən doğur”
SMS məlumatlandırma xidməti bank müştərilərinə kart və hesabları ilə bağlı bildirişlər göndərən sistemdir. Bu xidmət vasitəsilə müştərilər hesaba daxil olan vəsaitlər, ödənişlər və digər əməliyyatlar barədə operativ məlumat əldə edirlər. Ancaq son dövrlər bir sıra banklar SMS məlumatlandırma xidmətlərinin tariflərində dəyişikliklər edib.
Belə ki, müştərilər üçün vacib olan bu xidmətin qiyməti 3 dəfəyə qədər artırılıb. Məsələn, “Kapital Bank”da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. “Unibank”da da bu xidmətin qiyməti 3 AZN-dir. “Expressbank” müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZN verirlər. “Ziraat Bank Azərbaycan”da tarif 2 AZN-dən 3 AZN-ə, “AFB Bank”da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib. “Bank Respublika” əvvəl müəyyən kartlar üçün SMS xidmətini pulsuz təqdim edirdi, digər kartlar üçün isə aylıq 0,99 AZN tarif tətbiq edirdi.
Qeyd etdiyimiz kimi, bank məlumatları haqqında bildirişlər müştəri üçün olduqca önəmlidir. Xüsusilə son zamanlar kiberdələduzluğun artdığı bir zamanda bu xidmətin qiymətinin qaldırılması narazılığa səbəb olur Maraqlıdır, bankların məlumat SMS-lərini kəskin bahalaşdırmasının səbəbi nədir və bu nə dərəcədə doğrudur?
“Banklar tərəfindən SMS xidmətlərinin qiymətlərinin artmasına səbəb mobil operatorların qiymət siyasəti ola bilər”
İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, banklar tərəfindən SMS xidmətlərinin qiymətlərinin artmasına səbəb mobil operatorların qiymət siyasəti ola bilər: “SMS xidmətlərinin qiymətlərinin artması banklarla mobil operatorlar arasında olan münasibətlərdən doğur. Operatorlar qiyməti qaldıranda banklar da bu yükü daha çox müştərinin üzərinə yönləndirirlər. Bütün hallarda SMS xidmətlərinin qiymətinin artması mobil operatorlarla bağlı məsələdir. Bununla bəzi banklar öz daxili resursları hesabına SMS xidmətlərinin qiymət artımına getməyib. Amma əksər banklar artıma gedib”.
Günel CƏLİLOVA