Mirnağının şəhidlik zirvəsi

Mirnağı Qasım oğlu Şərifov Vətəninə, xalqına bağlı ləyaqətli bir oğul kimi boya-başa çatıb. Yaşadığı Cəlilabad rayonunun Bəcirəvan kəndində öz səmimiyyəti, əxlaqı, insanpərvərliyi ilə el-obada hörmət qazanıb. Həyat eşqi çağlayıb gənc köksündə.
Qurub-yaratmaq amallı olan Mirnağını qarşıdan sevdalı günlər naminə neçə-neçə gözəl işlər gözləyib. Amma erməni quldurları ona aman vermədi. 44 günlük haqq savaşımızda ağır müharibə meydanında ömrünün 25-ci ilində canını Vətəninə fəda edib. Mirnağının tutduğu bu müqəddəs yol onu əbədi ürəklərdə yaşatmaq üçün əlçatmaz, ünyetməz göylərə ucaldıb. Torpağa gömülmədən könüllərə köç edən ölümsüzlüyə qovuşan qəhrəman dövlət tərəfindən “Rəşadət” ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", Kəlbəcərin, Şuşanın azadlığı uğrunda medallarına layiq görülüb.
Ürəyi hər zaman Vətən eşqi ilə döyünən Mirnağı Şərifov yağı düşmənin əzəli yurd yerimiz Qarabağın işğalına çox narahat olub. 18 yaşına çatanda ordu sıralarına yola düşəndə erməni dığalardan sona qədər döyüşərək qisas alacağına and içib. Qismətinə cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etmək düşüb, o, bununla qürur duyub, bir daha adına can dediyi, özündən artıq istədiyi, hər qarışını doğma bildiyi Azərbaycana olan sevgisi artıb. Vətən qarşısında övladlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirən Mirnağı təlim-məşqlərdə fəal olub, yağıya yerini göstərməkdən ötrü döyüş sirlərinə dərindən, mükəmməl yiyələnib. Çalışqanlığı, bacarığı nəticəsində bu sahədə günü-gündən təcrübəsi, səriştəsi artıb. Silahların dilini, onları idarə etməyi öyrənib. Mirnağı xidməti müddətində düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edib. Yaxşı fiziki və siyası hazırlığa malik bu vətənpərvər gəncdən hərbi hissədə nümunə götürüb, Vətəni sevməyi, doğma torpağı necə qorumağı onda öyrəniblər.
44 günlük haqq savaşımız başlananda Mirnağı Şərifov gizir rütbəsində Azərbaycanın mərd oğulları ilə Vətənin harayına birincilər sırasında hay verib. Silahlanıb 30 il əsir düşən Qarabağımızın azadlığı uğrunda odlu səngərə girib. Ölüm-dirim savaşları gedən ən qaynar nöqtələdə yağının kabusuna çevrilib. Dığalara sarsıdıcı zərbələr vurmaqla bacarıqlı, səriştəli bir döyüşçü olmaqla tanınıb. Hər dəfə öndə gedib, düşmənə ciddi itki verməklə ağır sınaqlardan zəfərlə çıxıb. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə isə yüksək şəxsi rəşadət və şücaət göstərib. Mirnağı 21 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Bu şərəfli ölümlə də Cəlilabad elinin mərd oğlu adını qəhrəmanlıq tariximizə yazıb.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü