Azərbaycanda həkimlərin say yox, paylaşma problemi var - təyinat sistemi bərpa edilir?...

Rasif Bağırov: “Təyinat olarsa, həkim də gedib işləyər, bölgələrdə həkimlərin maaşı pis deyil, dolanmaq olar”
Bölgələrdə ciddi həkim çatışmazlığı var. Müşahidələr göstərir ki,gənc həkimlər də bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.
Bu məsələ zaman-zaman aidiyyatı qurumlar, hətta millət vəkilləri tərəfindən də səsləndirilib. Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən iclasında çıxışı zamanı deyib ki, yerlərdə tibb işçilərinin sayından çox paylanmasında problem var və bununla bağlı müvafiq təkliflər hazırlanır.
Məlumdur ki, sovet dövründə ölkənin bütün ərazisindəki xəstəxanalarda həkim potensialı yüksək səviyyədə idi və həkimlər təyinat əsasında fəaliyyət göstərirdilər. maraqlıdır, hazırda bölgələrdə həkim çatışmazlığı ilə bağlı təyinat sistemi yenidən bərpa oluna bilərmi?
“Həkimlərin bölgələrdən uzaq düşməsi kadrların yerləşdirilməsi prosesindəki nöqsanlardan qaynaqlanır”
Həkim ekspert Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, həkimlərin bölgələrdən uzaq düşməsi kadrların yerləşdirilməsi prosesindəki nöqsanlardan qaynaqlanır: “Problemi aidiyyəti qurumlar özləri yaradır, sonra da məsələni həll etmək üçün “baş sındırırlar”. Əslində Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Hətta bəzi ölkələrlə müqayisədə həkimlərin sayı daha çoxdur. Bizdə əsas problem yerləşdirilmə ilə bağlıdır. Sovet dövründə də Azərbaycan Tibb Universitetinin ildə təxminən indiki qədər məzunu olub. Amma bölgələrdə həkim çatışmazlığı müşahidə edilməyib. Çünki o dövrdə həkimlərə məcburi qaydada üç illik təyinat verilirdi. Hər kəs də gedib işləyirdi, yer boş qalmırdı. İndi Tibb Universitetini bitirən məzunların dövlət xəstəxanalarına işə qəbulu müsabiqə yolu ilə aparılır. Təyinat məsələsi demək olar ki, yoxdur. Təyinat olarsa, həkim də gedib işləyər. Bölgələrdə həkimlərin maaşı pis deyil, dolanmaq olar”.
Günel CƏLİLOVA