Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 1 may 2025-ci il tarixindən etibarən “Sənət və duyğu harmoniyasının təbliği” adlı layihəyə start verilir. Layihə “Duyğulara sənətlə toxunuş” adlı şüarla həyata keçiriləcəkdir. Üç aylıq layihənin Gəncə şəhərində, Gəncə Uşaq Sığınacağına yerləşdirilən uşaqlarla həyata keçirilməsi nəzərdə tutulub. Layihənin əsas benefisiarları 7-17 yaş aralığında olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, uşaq sığınacağına yerləşdirilən 8 nəfər nəfər uşaq və yeniyetmə (oğlan və qız) olacaqdır. Layihənin əsas məqsədi, sığınacaqdakı kimsəsiz uşaqların bacarıqlarını inkişaf etdirməsi məqsədilə, onlar üçün rəsm kursu təşkil etmək, eyni zamanda psixoloq dəstəyi ilə sosial-psixoloji vəziyyəti gərgin olan uşaqlara rəsm kursu daxilində art-terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılmasına, stressin azaldılmasına, özgüvənin artırılmasına və bu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, uşaqların öz tələbatlarını şüur səviyyəsinə qaldıraraq özlərini tam ifadə etmələri üçün şərait yaratmaqdır. Layihə doqquz mövzunu əhatə edəcəkdir. Mövzular aşağıdakılardır: 1. Təsviri sənət haqqında uşaqlara ümumi məlumat. 2. Rənglərin uşaq psixikasına təsiri. 3. Boyama ilə art-terapiya. 4. Uşaqların xarakterik xüsusiyyətlərinin rəsm analizi. 5. Art-terapiya ilə diqqət dağınıqlığının aradan qaldırılması. 6. Uşaqların bacarıqlarının və sosial münasibətlərinin rəsm analizi. 7. Təsviri sənətlə uşaqların psixoloji vəziyyətinin təyini. 8. Art-terapiya ilə uşaqlarda qorxu və fobiyaların aradan qaldırılması. 9. Əqli inkişaf geriliyi olan uşaqların rəsmlərinin analizi. Təsviri sənətin qədim növlərindən olan rəsmlə məşğul olmaq artıq bir davranış elmi olaraq təyin olunub. Üç aylıq layihənin icrasında nəzərdə tutulan rəsm kursu daxilində art-terapiya, kimsəsiz uşaqlarda olan anormal davranış əlamətləri layihənin icrasından sonra müəyyən qədər aradan qaldırılacağı, layihənin müsbət nəticəsi uşaqların davranışlarında öz əksini tapacağı düşünülür. Layihə çərçivəsində uşaqlara göstərilən xidmətlər, onlar üçün təşkil olunan rəsm dərsləri nəticəsində uşaqların çətinliklərin öhdəsindən gəlməyi, emosional və duyğusal ehtiyaclarını ödəmələri proqnozlaşdırılır.