Bu gün səhər saatlarında Bakının Suraxanı rayonu ərazisində intihar edən qadının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Elçin Məmmədov küçəsi 4 A ünvanındakı (Şüşəli bazar adı ilə tanınan ərazi) doqquzmərtəbəli binanın damından özünü atan qadın üzü üstə düşdüyündən onun sifəti tanınmaz hala düşüb. Bu səbəbdən də qadının şəxsiyyətinin sifət cizgiləri əsasında müəyyən edilməsi və fotosunun yayılması mümkün olmayıb. Həmçinin intihar edən 25-30 yaşlı qadının üzərindən hər hansı sənəd də tapılmayıb.
Hadisə şahidləri polisə bildiriblər ki, həmin qadın özünü öldürməzdən əvvəl binanın damında var-gəl edirmiş və yüksək səslə kiminləsə danışırmış. Məlum olaydan sonra polislər binanın damında və ətraf ərazidə telefonu nə qədər axtarsalar da, onu tapa bilməyiblər.
Bina sakinləri və ətrafda yaşayanlar da intihar edən gənc qadını tanımadıqlarını bildiriblər. Ehtimal edilir ki, o, bu gecəni həmin binada və ya yaxınlıqdakı evlərdən birində keçirib.
Araşdırmalar davam etdirilir.