Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki "Admiral” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən qadın Azərbaycanda tanınmış müğənninin bacısıdır. Trend-in əldə etdiyi məlumata görə, Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən Muxtarova Tamilla Hüsü qızı müğənni müğənni "Elit Star” Cəmilənin bacısıdır.
1961-ci il təvvəludlü mərhum Tamilla Muxtarova ailəli olub. İki övladı olub. Mərhum T.Muxtarovanın martın 22-də doğum günü qeyd ediləcəkdi.
Müğənni Cəmilə İsgəndərova Kazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində dünyasını dəyişən bacısı Tamila Muxtarovadan danışıb: "Allah heç kimə belə şey qismət eləməsin. Neçə gündür, ağlamaqdan səsim də tutulub. Partlayışdan 3 gün sonra uçqunun altından bacımın meyitini tapdıq. Bacım partlayış olan məkanda satıcı işləyirdi. Amma bədbəxt bir hadisə onun ölümünə səbəb oldu. Heç oğul toyu da görmədi. İndi qohumlarımız gedib hava limanına meyiti qarşılamağa. Saat 7-də Bakıda olacaq. Sabah isə onu Cəlilabad rayonunda dəfn edəcəyik. Həyat yoldaşı Cəlilabad rayonundan olduğuna görə, istədi ki, orada dəfn olunsun”.
APA-nın məlumatına görə, yanğın zamanı ölən azərbaycanlıların meyiti bu gün Azərbaycana gətirilib. Tatarıstan Respublikası Azərbaycanlılar Konqresinin sədri Ziyafət Qasımov APA-ya açıqlamasında bildirib ki, Muxtarova Tamilla və Paşayev Pərvizin meyitləri bu gün Moskva vasitəsilə Bakıya göndərilib.
P. Paşayev doğulduğu Gədəbəy rayonunda, T. Muxtarova isə Cəlilabad rayonunda dəfn olunacaq.
Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində 17 nəfərin öldüyü bildirilir, onlarla insan xəsarət alıb. Dağıntılar altında qalan digərlərinin çıxarılması istiqamətində işlər davam etdirilir.