Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası xarici ölkə astroloqlarının martın 17-də Mars və Uranın bir-birinə yaxınlaşması və bunun nəticəsində kütləvi ölümlərin, fəlakətlərin baş verə biləcəyi barədə proqnozlarına aydınlıq gətirib.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, 2012-ci ildə həmin ilin dekabr ayında bütün Yer kürəsinin qaranlığa qərq olacağı və "qiyamət günü"nün baş verəcəyi ilə bağlı proqnozlar verilmişdi: "Həmin proqnozlar özünü doğrultmadığı kimi, bu proqnozun da heç bir əsası yoxdur".
Direktor müavininin sözlərinə görə, Mars və Uranın toqquşması mümkünsüzdür. Çünki onlar bir-birindən çox uzaq məsafədə yerləşirlər: "Onların hər birinin öz orbiti var. Həmin orbit boyunca da dövr edirlər. Marsın və Uranın bir-biri ilə toqquşması üçün onların öz orbitlərindən çıxması lazımdır. Günəşin də cazibə sahəsi buna imkan vermir. Bu sistem çox dayanıqlı sistemdir və heç vaxt da dağıla bilməz”.