Son 5 ildə Azərbaycanda onkoloji xəstələr 35 faizdən artıq çoxalıb. Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, 2014-cü ilin sonuna olan məlumata əsasən Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 37 932 nəfərə çatıb.
Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 34 681 nəfər, 2012-ci ildə 31 954, 2011-ci ildə 28 685 nəfər, 2010-cu ildə isə 28 052 nəfər onkoloji xəstə qeydiyyatda olub.
2014-cü ildə Azərbaycanda 9556 nəfər onkoloji xəstə kimi qeydiyyata götürülüb. Onların 9543 nəfərinə həyatında ilk dəfə onkoloji diaqnoz qoyulub. Xəstələrin 1976-da bu xəstəlik profilaktik baxış zamanı aşkarlanıb. Xəstəlik onkoloji xəstələrin 4256-da xəstəliyin I və II mərhələsində, 3075-də III mərhələsində, 2212-də IV mərhələdə aşkarlanıb.
Hazırda ölkədəki onkoloji xəstələrin 13 582 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır. Bütün dünyada olduğu kimi, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərçəngidir. Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. Ötən il 1189 nəfər bu xəstəlik diaqnozu ilə qeydiyyata götürülüb. Ümumilikdə Azərbaycanda 1889 nəfər traxiya-bronx-ağciyər xərcəngi diaqnozu ilə qeydiyyatdadır.
Baş onkoloq bildirib ki, qadınlarda daha çox süd vəzisi xərcəginə təsadüf olunur. 2014-cü ildə 1563 xəstəyə süd vəzisi xərçəngi diaqnozu qoyulub. Ümumilikdə hazırda Azərbaycanda 9712 nəfərdə süd vəzisi xərcəngi xəstəliyi var. Onlardan 4304 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.
Onun sözlərinə görə, ölkədə onkoloji xəstələrin sayı artsa da, bu artım bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır.