Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq. Bu il ali məktəbə qəbul olunan 2 355 nəfər təhsil almaqdan imtina edib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən 48 608 abituriyent elektron qeydiyyat üçün müraciət edib. 2 355 nəfər elektron qaydada müraciət ünvanlamayıb. Belə ki, 2355 nəfər ali təhsildən imtina edib.
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, ali məktəbə daxil olub, lakin həmin şəxslərin təhsildən imtina etmələrinin səbəbi təhsil haqları ilə bağlıdır. Təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri çox bahalıdır: “Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir. Bəli, bu gün tələbələrə təhsil krediti verilir. Ancaq hər tələbə bu imkandan yararlana bilmir. Bu səbəbdən də 2300-dən çox gənc ali məktəbə qəbul olsa da təhsil almaqdan imtina etmək məcburiyyətində qalır”.
Həmsöhbətimizin sözlərinə görə, birinci kursda oxuyacaq gənc mütləq təhsil haqqını bəri başdan ödəməlidir: “Dünyada da qayda belədir ki, əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır. Elektron qaydada həyata keçirilən bu prosesdə heç bir səbəb qəbul edilmir. Ödəniş yoxdursa, tələbənin adı qeydiyyata düşmür”.
Sosioloqun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir: “Qardaş Türkiyədə tələbələrə verilən “yaşıl kart” vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibdirlər. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir. Bir neçə il əvvəl “Tələbə kartı” adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Həmçinin, bu cür addımlar atanda regionlarda təhsil alan tələbələri heç nəzərə almırlar. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Layihələrin təkcə Bakıda universitet tələbələrinə şamil edilməsi belə çatışmazlıqdandır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım sayılar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Hesab edirəm, tələbələrlə bağlı bütünlüklə, Naxçıvan, Qazax, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir”.
Günel CƏLİLOVA