Təbriz Musayev: “İranın Birləşmiş Ştatlar tərəfindən vurulması daha çox Putinin işinə yaradı”
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyada dizel infrastrukturuna zərbələri dayandırmağa çağırıb. Bu çağırış Rusiyanın Ukraynaya, o cümlədən Polşa sərhədi yaxınlığına davamlı hücumları fonunda səslənib: “Xeyli başqa hədəflər var. Dizel yanacağını vurmayın. Rusiyada dizel yanacağı obyektlərini sıradan çıxarmağı dayandırmalısınız”.
Trampın bu tövsiyəsi əslində indiki şəraitdə proseslərdə Rusiyanın əlinə oynamaq cəhdi deyilmi? O cümlədən, əslində Rusiyaya dəstək vermək cəhdi deyilmi? Həmçinin İrana endirilən hava zərbələrinə görə dünya bazarında dizel yanacağının qiymətinin kəskin bahalaşdığına görə məsuliyyəti Ukraynanın üstünə yıxmaq cəhdi deyilmi?
Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, bütün bunlar bu və ya digər formada Putinin mövqelərinin möhkəmlənməsinə xidmət edir: “Ukrayna bu ildən başlayaraq cəbhədə taktikanı dəyişərək Rusiyanın neft emalı müəssisələrinə uğurlu zərbələr endirir. Çünki 5 ilə yaxındır Rusiyanın Ukraynaya qarşı müharibəni apara bilməsinin kökündə bu amil dayanır. Rusiya neft ixrac edərək bundan əldə etdiyi gəlirlər hesabına Ukraynada müharibə aparır. Rusiya sözügedən gəlirlərdən məhrum olsa müharibəni davam etdirə bilməyəcək. Məhz bu səbəbdən Ukrayna ordusu Rusiyanın neft emalı müəssisələrini vurur ki, qarşı tərəf müharibəni davam etdirə bilməsin. Bu ilin yayında Rusiya görünməmiş miqyasda yanacaq qıtlığı ilə üzləşdi. Bu da ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərdi. Ən önəmlisi isə, əvvəlki illərlə müqayisədə bu il Rusiya ordusunun cəbhədə irəliləməsi zəiflədi. Bir sıra istiqamətlərdə Ukrayna ordusu əks hücuma keçə bildi. Bütün bunlar Rusiyanın böyük itkilər verməsi hesabına mümkün olub. Rusiya ağına-bozuna baxmayaraq dinc insanları öldürür, Ukraynanın yaşayış məntəqələrini viran qoyur. Tramp buna etiraz etmək əvəzinə, Zelenskini Rusiyada dizel infrastrukturuna zərbələr endirməyi dayandırmağa çağırır. Bəli, bu gün dünya bazarında neftin qiyməti çox yüksəkdir və bu, qlobal iqtisadiyyata mənfi təsir edir. Ancaq bunun səbəbi Rusiyanın neft emalı müəssisələrinin vurulması ilə əlaqədar deyil. Bunun səbəbi ABŞ-ın İranla apardığı müharibə və Hörmüz körfəzinin bağlı olmasıdır. Məhz bu səbəbdən yanacağın qiyməti kəskin bahalaşıb. Neftin bahalaşmasından da qazanan Rusiyadır. Əgər İran vurulmasaydı nə neft bu qədər kəskin bahalaşardı, nə də Rusiya bundan əlavə böyük gəlirlər qazanardı. İranın Birləşmiş Ştatlar tərəfindən vurulması daha çox Putinin işinə yaradı”.
Vidadi ORDAHALLI